İncil üzərində tədqiqatlar aparanların, üzərində əhəmiyyətlə dayandıqları məsələlərdən biri də, İncildə işlənən ifadələrin həqiqi mənalarıyla deyil, məcazi mənalarıyla şərh olunmalarının lazım olduğu məsələsidir. Bu baxımdan baxıldıqda bəhs olunan ifadələrin fərqli mənalar ehtiva etdikləri görülər. Quranda da bir çox təşbehli (açıq mənası nəzərdə tutulmayan və təşbeh və təmsil yoluyla həqiqətlərin bəyan olunmasında işlədilən ifadə) ayə var. Necə ki, bir çox xristian tədqiqatçı bu açıqlamaları verərkən Quran ayələrində işlənən ifadələrlə İncildə işlənən bəzi ifadələr arasında əlaqə yaratmağa çalışırlar. Karlos Madriqal (Carlos Madrigal), “üç Tanrımı, tək Tanrımı? Tövhiddə təslis” adlı kitabında bunları söyləyir:

Tanrı Özünü təqdim edərkən insan övladının asan anlayacağı simvolik ifadələr işlədir. Buna "insan oxşarlığı" (antropomorfik) terminləri deyilir. Bibliyada da, Quranda da Tanrıdan danışmaq üçün üz, əllər və s. fiziki isimlərdən istifadə edilir. "Ona bənzər heç nə yoxdur" (Şura surəsi, 11) ifadəsi bir həqiqəti dilə gətirir. Lakin bunu, Tanrının, Onu anlamağımız üçün işlətdiyi bənzətmələrlə qarışdırmamalıyıq. Quranda da Allahın əli, Allahın ovucu, Allahın üzü, Allahın gözləri kimi ifadələrə rast gəlinir... Bu ifadələri məcaz kimi başa düşməkdə heç kəs çətinlik çəkməz. Bəs ata və ya oğul ifadələrini məcaz kimi qəbul etməyəcəyik? Tanrıya isnad edilən insana məxsus terminlər bizə həqiqi bir təsvir deyil, lakin təkcə eyhamlar və təlqinlər verir. Buna görə də, bunlar təsvir edici bənzətmələr deyil, xatırladıcıdırlar. Heç kəsin Tanrını, fiziki məna verərək bir şeyə bənzətməyə haqqı yoxdur (bu bütpərəstlik olar)... Lakin buna baxmayaraq, O özünü, uyğun hesab etdiyi hər simvola bənzədə bilər. Tanrı hər şeyi sevgiylə yaratdı. O hər şeyin mənbəyidir. Hər şeyin Onun sevgisiylə yaradıldığını dilə gətirmək üçün "ata" sözü çox gözəl bir tərifdir.

Bu açıqlama İncildə işlədilən məcazi ifadələrin başa düşülməsi üçün əhəmiyyətlidir. Rəbbimiz Quran barədə: "...Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı, müsəlmanlara hidayət, rəhmət və müjdə olaraq endirdik" (Nəhl surəsi, 89) deyə buyurur. Ənam surəsində isə: "...Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar" (Ənam surəsi, 38) deyə bildirilmişdir. Quranda hər şey ən mükəmməl, ən hikmətli və ən əsaslı şəkildə açıqlanmışdır. Rəbbimiz bəzi ayələrdə bizə müxtəlif təşbehli və məcazi izahatlarla da yol göstərir. Ayələrdə belə buyurulur:

 

 

"Allahın əli"

Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar... (Fəth surəsi, 10)

...De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah (rəhməti) geniş olandır, Biləndir” (Ali İmran surəsi, 73)

Yəhudilər dedilər: “Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir... (Maidə surəsi, 64)

 Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın Əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 29)

"Allahın ovucu"

Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun sağ Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır. (Zumər surəsi, 67)

 

 

"Allahın üzü"

Allahla yanaşı başqa bir məbuda tapınma! Ondan başqa heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız. (Qəsas surəsi, 88)

Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir. (Rəhman surəsi, 26-27)

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 115)

Ənfal surəsində isə belə buyurulur:

Onları siz öldürmədiniz, Allah onları öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir. (Ənfal surəsi, 17)

Bu ayə ilə, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin, bütün hərəkətləri, bütün hadisələri meydana gətirən yeganə güc olduğu ifadə edilmişdir. Allah istəmədikcə insanın heç nəyə gücü çatmaz, heç nə edə bilməz, hətta ağzını belə açıb danışa bilməz. İnsanların etdikləri, söylədikləri və düşündükləri hər şey Allaha məxsusdur. Heç bir insan özünü yaradan Rəbbimizdən müstəqil güc və iradəyə sahib ola bilməz. Allah İnsan surəsində: "Allah istəmədikcə siz istəyə bilməzsiniz..." (İnsan surəsi, 30) deyə buyurur.
Yuxarıdakı ayələrdə işlənən ifadələrin hər biri insanlara Allahın sonsuz güc və qüdrətini ən gözəl nümunələrlə xəbər verən ayələrdir. Təşbehli ifadələr ehtiva edən bu ayələrdə dərin düşünən insanlara çox gözəl və hikmətli nəsihətlər var.

 

Hz. İsanın çox üstün qul olduğunu, Allaha yaxınlığını vurğulamaq məqsədi ilə işlədilmiş ola bilər
Həvarilər və ilk xristianlar, hz. İsanın Allaha olan bağlılığına, səmimiyyətinə, dərin imanına, səbrinə, cəsarətinə, Allahın vəhyini tətbiq etməsindəki qətiyyətliliyinə, Allahın lütfü sayəsində gerçəkləşdirdiyi möcüzələrə və üstün əxlaqına şahid olublar. Hz. İsanın doğumundan Allah Qatına alınmasına qədər həyatının hər mərhələsi çox böyük möcüzələrlə dolu olmuşdur. Hz. Məryəmin hamilə qalması və hz. İsanın doğumu, körpə olarkən danışıb təbliğ etməsi, xəstələri sağaltması, ölüləri diriltməsi, Allah Qatına alınması onun nə qədər fövqəladə mövqeyə sahib olduğunu açıq şəkildə göstərir. İncildə çox ətraflı şəkildə verilən bu cür məlumatlar Quran ayələriylə də təsvir edilir. Rəbbimiz, hz. İsanın, anası hz. Məryəmin və İmran ailəsinin seçilmiş insanlar olduqlarını vurğulayır.

İlk xristianların hz. İsadan bəhs edərkən işlətdikləri coşğulu üslub bir çox xristian ilahiyyatçı tərəfindən dilə gətirilmişdir. Əhdi-Cədid mütəxəssislərindən Con Marş (John Marsh), “Jesus in his lifetime” (hz. İsanın həyatı) adlı əsərində, "hz. İsanın ilk ardıcıllarının “Allahın oğlu” sifətini, onun Allah tərəfindən çox xüsusi bir vəzifə üçün seçildiyini və bundan ötrü də Allahla çox xüsusi bir əlaqəsi olduğunu bildirmək üçün işlətdiklərini" vurğulayır. E. P. Sanders isə hz. İsanın "Allahın oğullarının meydana gətirdiyi bir millətin içində, xüsusi bir vəzifə üçün seçilmiş olan bir Allah oğlu" olduğunu ifadə edir.
Pol Knitter (Paul Knitter), “no other name” (başqa adı yoxdur) adlı əsərində bu üslubdan belə bəhs edir:
Əhdi-Cədid müəllifləri hz. İsadan bəhs edərkən analitik fəlsəfəçilərin deyil, coşğun iman sahiblərinin, elm adamlarının deyil, sevgi dolu insanların dilini işlədərlər. Krister Stendalın (Krister Stendahl) israrla üzərində dayandığı nöqtə, bunun "dini dil" (yəni "sevgi dili, şəfqət dili" olmasıdır. Xristianlar hz. İsanı "tək" şəkildə təsvir edərkən metafizik bir qanunu nəzərdə tutmur, hz. İsa ilə fərdi bir əlaqə yaratmağa və ona bağlılıqlarını detallaşdırmağa çalışırdılar. Xristian ifadələri, aydın olduğu və işlədildiyi şəkildə təkcə kilsənin sevgi dilidir. Ürəyin və beynin dilləri, şübhəsiz ki, bir-birinə zidd deyil, lakin hər ikisi də fərqlidirlər və bu fərqlərə hörmət göstərilməlidir.

Eyni zamanda hz. İsanın "Allahın oğlu" hətta tək oğlu (Yuhanna 1:14) olduğunu ifadə edən bir çox mətn də fərqli məna ifadə edəcək. Onların əsas niyyəti... Hz. İsanın adını eşidənlərin ona nüfuz sahibi biri olaraq diqqət yetirmələrini təmin edirdi. Bu mətnlərdəki ifadələr... Hz. İsanın da Allahın etibarlı vəhyi olduğunu ifadə etmək üçündü. Yunanca “Uios tou Theou” (Allahın oğlu) ifadəsi tərcümə edildikdə ingiliscədəki "the" sözü üzərində israrla dayanmarıq. "The" orijinal yunan dilində yoxdur və dolayısilə ifadə eyni zamanda "Allahın bir oğlu" kimi tərcümə edilə bilər. "Allahın götürdüyü tək övlad" ifadəsinin səciyyələndiricisi, ivrit dilindəki istifadə formasına görə "ilk doğan" və ya sevimli kimi tərcümə edilə bilər. Burada Allahın vasitəçisi olaraq imtiyazlılıq deyil, etibarlılığın nəzərdə tutulduğu aydın ola bilər.
Təslis inancının müdafiə edilməsindəki bu israrın altında, hz. İsaya isnad edilən üstün mövqeyə kölgə salma narahatlığının yatması mümkündür. Halbuki təslis inancı olmadan da hz. İsanın nə qədər üstün və xeyirxah bir insan olduğu vurğulana bilər. Necə ki, Quran ayələrində hz. İsanın möcüzəvi cəhətləri, Allah Qatına alınması ətraflı şəkildə təsvir edilir, onun və ailəsinin aləmlərdən üstün edildiyi bildirilir. Hz. İsanın adı Quranda "seçilmiş, şərəfli və hörmətli" biri kimi çəkilir.

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O bu dünyada və axirətdə seçilmiş, şərəfli, hörmətli və (Allaha) yaxınlaşdırılanlardan (Ali İmran surəsi, 45)

 

Xristianlığın daha tez yayılmasını təmin etmək məqsədiylə istifadə edilmiş ola bilər
Hz. İsa din əxlaqını yaymağa başladığı mühitdə çox böyük çətinliklərlə üz-üzə idi. Yəhudi cəmiyyəti arasında dini müxtəlif şəkillərdə izah edən saduqilər, fəriseylər, zelotlar, essenilər kimi bir çox məzhəb vardı və bunlar, xüsusilə də ilk üçü, fərqli yanılmalar içindəydilər. Hz. Musanın gətirdiyi haqq dindən uzaqlaşılmış, batil ənənələr və müxtəlif yanlış inanclar yaradılmışdı. Bunlarla yanaşı, bütpərəst ellinizm mədəniyyəti də insanlar arasında yayılmışdı. Bu mədəniyyətin təsiri altındakı bəzi yəhudilərsə sahib olduqları tövhid inancından imtina edərək bəzi bütpərəst inancları mənimsəməyə başlamışdılar.
Hz. İsa bütün bu xurafatları arxasında qoyaraq, İsrailoğullarını saf və səmimi imana dəvət etdi. Daxili nizamlarını qorumağa çalışan bütün din xadimləri hz. İsanın təbliğ etdiyi haqq dindən kəskin şəkildə narahat oldular. Çünki hz. İsa insanlara Allah qorxusunu, Allahı sevməyi nəsihət edir, dinə sonradan əlavə olunan batil qanunları və fanatik tətbiqləri tərk etmələrini söyləyirdi.
Hz. İsanın Allah Qatına alınmasından sonra da bu mübarək insanın tələbələri, onun mesajının yayılması üçün bütün imkanlarından istifadə etdilər. Kəndbəkənd, qəsəbə-qəsəbə gəzən xristianlar hər cür çətinliyə, yoxluğa qarşı çox böyük səbir göstərir və insanlara Allahın varlığını və hz. İsanın Allahın elçisi olduğunu bildirirdilər. Bundan ötrü də, xristianlıq qısa müddətdə çox geniş əraziyə yayıldı. Bütpərəst Roma imperatorluğunun bütün təzyiq və işgəncələrinə qarşı insanlar axın-axın hz. İsanın gətirdiyi haqq dini qəbul edirdilər. Lakin bu yeni dini qəbul edənlərin bir hissəsi, kök salmış bütpərəst inanclarından tam mənada xilas ola bilmirdilər. Məhz batil "Allahın oğlu" anlayışı bu mühitdə meydana çıxdı və ya ilk mənasından fərqli bir məna qazandı.
E. P. Sanders, “the historical figure of Jesus” (hz. İsanın tarixi portreti) adlı əsərində ilk xristianların hz. İsanın təbliğini yayma üsullarını belə bildirir:
Başqalarını razı salmağa çalışarkən, həvarilər bəzən hz. İsanın söylədiyi və etdiyi şeylərlə əlaqədar hekayələr danışmış ola bilərlər. İlk illərdə bu materiallar böyük ehtimalla yazılmamışdı, lakin şifahi şəkildə ötürülmüşdü. Həvarilər, hz. İsanın həyatındakı hadisələrdən istifadə edərkən, o zaman əhəmiyyətli olan nöqtələri nümunələrlə açıqlamaq istəmişdilər... Yeni tərəfdarlar qazanmaqla yanaşı həvarilər həm bir-birlərinə, həm də getdikcə artan din dəyişdirən yeni tərəfdarlarına hz. İsanın həyatında meydana gələn hadisələri xatırlayaraq öyrədiblər. Bəzi hallarda hz. İsanı qəbul etməyən yəhudi müəllimlərlə də mübahisələr ediblər. Bu mübahisələr də hz. İsa ilə əlaqədar materialın istifadə edildiyi üçüncü bir məzmunu meydana gətirmişdir.

Hz. İsanın yaşadığı dövrdə olduğu kimi hz. İsadan sonra da xristianlığa qarşı reaksiya verən bir çox insan və qrup olmuşdur. Hz. İsanın Allah Qatına alınmasından sonra həvarilərin səyləriylə xristianlığın böyük sürətlə yayılması onlarda böyük reaksiya meydana gətirmiş, bundan ötrü də, müxtəlif əsassız iddialar ortaya atmış və xristianlığın yüksəlişinin qarşısını almaq üçün müxtəlif cəhdlər etmiş ola bilərlər. Pol Knitter (Paul Knitter), kitabında ilk xristianların hansı şərtlər altında yaşadıqları üzərində dayanır. Knitter, onların "həyatda qalmaq" və "cəmiyyətlərini davam etdirə bilmək" üçün fərqli üslub meydana gətirdiklərini vurğulayır:

Ənənəvi kilsə anlayışının ortaya çıxdığı tarixi kontekslə əlaqədar diqqətə alınmalı digər bir nöqtə də, xristianların həm böyük yəhudi cəmiyyəti, həm də hədələyən Roma imperatorluğu tərkibində azlıq təşkil etmələriydi. Mədəni və dini plüralizm dövrümüzdəkindən daha fərqli şəkildə başa düşülürdü. O dövrdə xristianlar iki böyük təhlükəylə üz-üzəydilər; ya çoxluğu meydana gətirən cəmiyyətlər tərəfindən yox ediləcək, ya da dini ənənələri onlarınkıyla qarışacaq, beləliklə də, fərqli struktur qazanacaqdılar. Xristianlar özlərini bu təhlükələrdən qorumaq üçün çox açıq kimlik müəyyənləşdirməli və tamamilə inanclarına bağlanmalıydılar. Bunu da inanclarıyla, xüsusilə də hz. İsa üzərində cəmlənən inanclarıyla etdilər. Bu doktrinal ifadələr, "həyatda qalma ifadələri" kimi xarakterizə oluna bilər və cəmiyyətin mövcudluğunu təmin edə bilmək üçün meydana gətirilmişdir. İlk xristianlar hz. İsanı mütləq terminlərlə xarakterizə edərək, onu tək və yeganə xilaskar kimi elan edərək bütün rəqiblərindən və müxaliflərindən fərqli şəxsiyyət qazandılar. Bu dilin yaratdığı güclü bağlılıq, zülmlərə və lağ edənlərə qarşı onlara böyük güc qazandırmışdı... Bu dil metafizik mənadan çox əxlaqi bir dil idi. Hz. İsanın bütün əsrlər üçün qüvvədə olan kimliyini təyin etməkdən çox, cəmiyyət içindəki kimliyini təyin etmə məqsədini daşıyırdı.

 

Mövcud siyasi və mədəni mühitin təsiri
Təslis inancının yaranması mövzusunda aparılan tədqiqatlarda, üzərində dayanılan başqa bir mövzu o dövrün siyasi və mədəni mühitidir. Daha əvvəl də vurğuladığımız kimi, hz. İsa dövründə cəmiyyət həm yəhudi, həm də yunan mədəniyyətinin təsiri altında idi. Aralıq dənizi tamamilə Roma imperatorluğunun hakimiyyəti altında idi. Böyük Roma əsgərləri fəthlər hesabına torpaqlarını genişləndirmiş, Aralıq dənizini daxili dəniz halına gətirmişdi. İmperiya hərbi sahədə olduğu qədər, mədəni sahədə də ən güclü dövrlərindən birini yaşayırdı. Qədim Yunan mədəniyyətinin mədəni mirasını götürmüş və onu yeni əlavələrlə genişlətmişdi. Ellinizm adlandırılan bu cərəyan, din də daxil olmaqla həyatın bütün sahələrinə hakim idi. Romalılar özlərini digər cəmiyyətlərdən çox üstün görür və öz həyat tərzlərini işğal etdikləri torpaqlar üzərində də yaymağa çalışırdılar.

Romanın dini, Aralıq dənizi ətrafında yaşayan bütün cəmiyyətlərdə olduğu kimi, çoxallahlı idi. Yunan mifologiyasının xəyali tanrıları, fərqli adlar altında, Roma mifologiyasında da istifadə edilirdi. Ən böyükləri Yupiter adlandırılan və heykəllərlə simvolizə edilən bir çox bütə tapınılırdı. Bəzi Roma imperatorları isə özlərini də bu saxta ilahlar arasına daxil edən qanunlar çıxartmışdılar. Eləcə də, yunan dini və bu inanca məxsus saxta ilahlar da geniş yayılmışdı: Zevs, Hermes, Venera kimi yunan bütlərinin heykəlləri böyük şəhərlərin meydanlarında yerləşirdi. Tapınılan bütlər bunlarla məhdudlaşmırdı. Hər şəhərdə, hər məhəllədə hətta hər evdə böyüklü-kiçikli fərqli bütlər, onlara məxsus heykəllər, şəkillər, xüsusi tapınma və adaq yerləri vardı. Romalı rəhbərlər bu çoxallahlı dinlərdən, öz hakimiyyətlərini yaymaq məsələsində bir vasitə kimi istifadə edirdilər. Roma, hakimiyyətini təhdid etmədiyi müddətcə heç kəsin dininə qarışmır, əksinə bu azğın inancları təşviq edir, hər tərəfə məbədlər, qurbangahlar, heykəllər yerləşdirərək bütpərəst inancları qızışdırırdı. Onlar üçün din, dırnaqarası kütlələrə sədaqəti təlqin etməyin və onlara nəzarət etməyin bir yolu idi, mücərrəd və bu dünyayla əlaqəsi olmayan bir sahəyə aid idi.

Romalılar başqa bir mədəniyyətlə qarşılaşdıqlarında, o cəmiyyətdə öz saxta ilahlarının bənzərlərini axtarar və beləliklə də, üstünlük təmin edəcək bir əlaqə qurmağa çalışardılar. Buna görə də, xüsusilə IV Antiyokus Epifanesin vaxtında, Allaha, Onu tək ilah olaraq qəbul edib iman edən yəhudilərə, Zevs adlı baş tanrılarını azğın şəkildə mənimsətməyə çalışıblar, lakin bu vəziyyət aralarında böyük mübarizələrə gətirib çıxartmışdır. Dindar yəhudilər, müqəddəs torpaqları mənəvi cəhətdən çirklədən bu roma bütlərinə qarşı sərt reaksiyalar veriblər və romalıların bütpərəst inanclarını yayma işlərinə şiddətlə müqavimət göstəriblər. Lakin yenə də yunan mədəniyyəti yəhudi cəmiyyəti üzərində çox böyük təsir yaratmışdır.
Hz. İsa da ellinizm mədəniyyətinin təsiri altındakı bu yəhudi cəmiyyətinə təbliğ etmişdi. Həvarilər və ilk xristianlar eyni cəmiyyətdə böyümüş və ellinizm mədəniyyəti ilə həyatlarının hər anında iç-içə olmuşdular. E. P. Sanders, "Jesus in historical context" (tarixi konteksdə hz. İsa) başlıqlı məqaləsində, ellinizm mədəniyyətinin hz. İsanın yaşadığı Qalileya bölgəsi üzərindəki təsirlərini araşdırır. Məqaləsində bir çox fərqli akademikin fikirlərinə də yer verən Sanders bu açıqlamanı verir:

Mövcud açıqlamalara görə, Qalileya şəhərə çevrilmiş, kosmopolit və rifah içində bir yer idi. Berton Makın (Burton Mack) fikrinə görə Qalileya əslində ellinizm mədəniyyətin bir simvolu idi... Qalileya xalqı qonşu bir qəsəbəyə getdikləri vaxt yunan oyunlarını və fəlsəfəçilərini seyr edib dinləyə bilirdilər. Tətillərdə Suriyadakı böyük şəhərlərə gedir və yunan mədəniyyəti ilə iç-içə ola bilirdilər. Roma da bu qarşılıqlı təsirdə çox böyük rol oynayırdı. Qalileyada çox sayda Romalı əsgər vardı. Rəhbərlər, rəsmi vəzifəli şəxslər vardı... Yalnız teatrlar deyil, Sepforisdə Oktavian Avqust məbədi və Roma üçün tikilmiş bütpərəst bir məbəd yerləşirdi. Cütçülər bütpərəst mərasimlərdə qurban kəsilmələri üçün heyvanlar yetişdirirdilər.
Yunan mədəniyyəti mifoloji bir mədəniyyət idi. Danışıqlarda, işlədilən ifadələrdə məcazi ifadələrə, mifoloji izahatlara tez-tez rast gəlinirdi. Sanki mifologiya ilə həqiqi həyat bir-birinə qarışmış kimiydi. Məhz hz. İsa üçün işlədilən "Allahın oğlu" terminini araşdıran Bibliya mütəxəssisləri də yunan mədəniyyətinin bu terminin yerləşməsindəki təsirinə diqqət çəkirlər. Yunan mifologiyası, saxta tanrıları insanlarla yoldaşlıq edən, sonunda isə birlikdə yeni nəsillər meydana gətirən varlıqlar kimi təsvir edirdi. Məsələn, Makedoniyalı İsgəndər, Zevsin oğlu kimi qəbul edilirdi. Sanders, yunan ənənəsinin o dövrdə imperiya torpaqlarında olduqca geniş yayıldığını ifadə edir və bundan ötrü də, hz. İsa üçün işlədilən "Allahın oğlu" ifadəsinin (Allahı tənzih edirik) bu təsir nəticəsində daha da yayıldığını ifadə edir. Necə ki, tədqiqatçılar tərəfindən, qədim Yunanistandakı Zevs-Hera-Apollon üçlüsü ilə təslis inancı arasında bir çox bənzərliklər ortaya qoyulur. "Təslis" inancı bütpərəst cəmiyyətlərdə olduqca geniş yayılmışdı. Xüsusilə də yunan mədəniyyətində çox sayda saxta "ata tanrı" və "oğul tanrı" vardı. Platon, bu təslis inancını formalaşdırmış və guya tanrılarının "loqos" (söz) adlı bir oğlu və "sofiya" (müdriklik) adlı bir qızı olduğu fikrini müdafiə etmişdi. Platona görə saxta tanrılar olan loqos və sofiya, bir "üçləmə" meydana gətirirdilər. Xristianlıq təslis inancını və bu gün sahib olduğu daha bir çox inanc və tətbiqi, həmin bu yunan mədəniyyətindən və ya digər bütpərəst mədəniyyətlərdən götürdü. Bundan ötrü də, getdikcə hz. İsanın gətirdiyi xalis dini tərk etdi, hz. Musa şəriətinin təməli olan "Tək Tanrı" inancından uzaqlaşdı.
“From Jesus to Christ, The Origins of the New Testament, images of Jesus” (“İsadan Məsihə, Əhdi-Cədidin kökləri, İsanın surətləri”) kitabının müəllifi Paula Fredriksen, İncillərin və İncillərin yazıldığı cəmiyyətlərin yunan olduqlarını vurğuladıqdan sonra bunu qeyd edir:

Xristianlıq ellin aləmində yaranmışdı... İncillərdə işlədilən dil də onları yazanların bələd olduqları dil idi. Bu dil bütpərəst ənənələrini, ellin inanclarını əks etdirirdi. Bundan ötrü də, hz. İsa üçün "Tanrı", "Xilaskar", "Tanrının Oğlu" və "Loqos" kimi ifadələr işlədirdilər. İşlədilən "Davudun Oğlu", "insan övladı", "Tanrının Krallığı" və "Məsih" kimi ifadələrsə İncil müəlliflərinə elə də tanış deyildi. Bu ifadələr İncilləri qələmə alan insanlar tərəfindən, hz. İsanın yaşadığı Fələstin torpaqlarındakı mövcud mədəniyyətdən götürülmüşdü.
Dr. Pol R. Eddi (Paul R. Eddy) isə; "Was Early Christianity Corrupted by Hellenism?" (ilkin xristianlıq ellinizm tərəfindən korlandı mı?) başlıqlı məqaləsində bunları söyləyir:
Babilin vaxtınadək gedib çıxan qədim dünya tarixi boyu, üçlüklər meydana gətirərək, həmin bu bütpərəst tanrılara tapınmaq geniş yayılmışdı. Bu təsir özünü, hz. İsadan əvvəlki və sonrakı əsrlərdə Misirdə, Yunanistanda və Romada da çox göstərirdi. Həvarilərin ölümündən sonra bu cür bütpərəst inanclar xristianlıqda kök salmağa başladı... Platon, üçləməni hazırkı şəklində öyrətməmiş olsa da, onun fəlsəfələri bu doktrina üçün ilkin hazırlıq mahiyyətində idi.

Oskar Kulman (Oscar Cullmann) da “The Christology of the New Testament” (Əhdi-Cədidin hz. İsa teologiyası) adlı mühüm əsərində, "Allahın oğlu" ifadəsinin İncil dövründə Şərqdə və ellin mədəniyyətində hansı şəkildə işlədildiyini ətraflı şəkildə araşdırır. Xüsusilə də, Misirdə, Babildə və Assuriyalılarda kralların müqəddəs insanlar hesab edildiklərini və "Allahın oğlu" kimi adlandırıldıqlarını ifadə edir. Yunan dinlərində isə, müqəddəs gücləri olduğuna inanılan hər insan üçün "Allahın oğlu" ifadəsinin işlədildiyinə diqqət çəkir. Hz. İsanın göstərdiyi möcüzələr isə onun xalq tərəfindən bu cür adlandırılması üçün kifayət hesab edilir. Varner, hz. İsanın təbliğini alan gentilelərin (Bibliyada qeyri-yəhudilər üçün işlədilən ifadədir. Hz. İsa dövründəki Romalılar üçün işlədilir) dünyagörüşlərinin bu görüşlər çərçivəsində formalaşdığını söyləyir və sözünə belə davam edir (Allahı sitatdakı ifadələrdən tənzih edirik):

Onların Allahın oğlu fikirləri çox tanrılı düşüncə üzərində qurulmuşdu. Bundan ötrü də, bu fikirlərini hz. İsa və həvarilərinin Tək Tanrılı inanclarına çevirmələri olduqca çətindi. Şərq və ellin düşüncələrinin hakim olduğu, dolayısilə kralların və digər müqəddəs insanların Allahın oğlu kimi adlandırıldığı bu bölgədə hz. İsa da Allahın oğlu elan edildi.