Xristianlıq dini barədə kifayət qədər məlumatı olmayan insanlar, İncil mətnlərinin hz. İsa ilə eyni dövrdə yazıldığını və tamamilə hz. İsanın sözlərinə əsaslandığını düşünürlər. Halbuki bu doğru deyil. İncil hz. İsadan xeyli sonra yazılı mətn halına gətirilmişdir. Markos İncilinin 70-ci ildə, Matta İncilinin 80-ci ildə, Luka İncilinin 90-cı ildə, Yuhanna İncilinin isə 90-100-cü illərdə yazıldığı təxmin edilir. Digər İncil mətnləri də eyni dövrlərdə yazılmışdır. O dövrdə mövcud olan bir çox İncil arasında ortaq bir kitab yaradılması isə Birinci İznik Kilsə Məclisi vaxtı gerçəkləşdirilmişdir.
Hz. İsanın həyatı haqqında müraciət edə biləcəyimiz təməl xristian mənbələri, bu mübarək insanın Allah Qatına alınmasından təxminən 30-35 il sonra yazılmağa başlanan və Əhdi-Cədidin ilk dörd kitabını meydana gətirən 4 İncillə digər Əhdi-Cədid mətnləridir.
Tarixi mənbələrdən və İncildəki izahatlardan aydın olduğu kimi ilk xristianlar hz. İsanın Allah Qatına alınmasından sonra hz. İsanın sözlərini və etdiklərini şifahi şəkildə insanlara nəql etməyə başlamışdırlar. Tədqiqatçılara görə, ilk xristianların içində olduqları şərtlərə görə hz. İsanın sözlərinə yeni mənalar əlavə etmələri, hz. İsanı rədd edən yəhudi din xadimləriylə və ya Romalılarla mübahisələrə girdiklərində şifahi şəkildə ötürülən məlumatları müxtəlif dəyişikliklərə uğratmış olmaları da mümkün ehtimaldır. Buna görə də, ilk xristianlar Məsih inancını davam etdirmək, hz. İsaya olan imanı gücləndirmək, xristianlığı sürətlə yaymaq və təzyiqlərdən ötrü xalqda yaranan ümidsizliyi ortadan qaldırmaq istəyirdilər. Bundan ötrü də, hz. İsanın sözlərini və hərəkətlərini şərh edərək, yeni şövq və həyəcan mənbəyi meydana gətirməyi qarşılarına məqsəd qoyurdular. Halbuki bunu yalnız Allahın sözlərini və hz. İsanın hikmətli təbliğini insanlara çatdıraraq edə bilərdilər. Lakin bu belə olmamış, Allahın vəhyi sonradan dəyişikliyə uğradılmış və hz. İsanın sözləri çox yanlış şəkillərdə şərh olunmuş, əslindən uzaqlaşdırılmışdır. Elə bu müddətdə hz. İsaya göstərilən hörmətin yanlış şərh olunması və nəticədə onun ilahlaşdırılmasına səbəb olan yanılmanın ortaya çıxması mümkündür (Allahı tənzih edirik). Bu fikir əsasən hazırda Qərbli tədqiqatçılar tərəfindən də qəbul edilir. Aradan müəyyən zaman keçdikdən həvarilər də bir-bir vəfat etməyə başladıqdan sonra, bəzi xristianlar hz. İsanın təbliğinin yox olmasının qarşısını almaq üçün, hz. İsanın sözlərini və etdiklərini, hafizələrində qaldığı qədər bir-birlərinə əlavə edərək İncil mətnlərini meydana gətirməyə başlamış ola bilərlər.

Rudolf Bultman (Rudolf Bultmann) 20-ci əsrin əhəmiyyətli Əhdi-Cədid mütəxəssislərindən biridir. Bultman (Bultmann), əsərlərində İncillərin yazılması barəsində çox müxtəlif açıqlamalar vermişdir. Bultman (Bultmann): "Sinoptik İncillərin (Matta, Markos və Luka İncillərinin) hz. İsanın həyatının bir-birini təqib edən rəvayətlərini göstərmək üçün İncil müəllifləri tərəfindən bir-birinə əlavə olunan, sistemsiz qısa hekayələri bir yerə toplamaq surətiylə ortaya çıxarıldıqlarını" söyləyir. Lakin Bultmana (Bultmann) görə "müxtəlif cəmiyyətlərdə, həmin cəmiyyətləri meydana gətirən fərdlərin ehtiyaclarına görə təkrarlanan bu sözlər müxtəlif formalara düşdüklərindən, bir cəmiyyətdən digər cəmiyyətə, hətta bir cəmiyyətin öz daxilində belə bir-birlərindən fərqlənirdilər" və "hz. İsanın sözləri və hərəkətləri, insanlar tərəfindən fərqli məqsədlər üçün istifadə edildiklərindən müxtəlif formalar almışdı". Məsələn, ilk dövrdə, bəzən insanlara nəsihət və ya öyüd vermək üçün, bəzən də cəmiyyətdə fərdlərin itaət etməli olduqları əxlaqi qanunlar kimi istifadə edilmişdilər. Bultman (Bultmann) şifahi ənənənin bir nəticəsi olaraq hz. İsanın sözlərinin və hərəkətlərinin ilk xristianlar tərəfindən qismən dəyişdirildiyini bu yolla göstərir. Həmçinin İncil mətnlərində bilavasitə ilk xristianlar tərəfindən ortaya çıxarılmış və hz. İsaya isnad edilmiş sözlərin də olduğunu irəli sürür. Hz. İsanın özünü "Allahın oğlu" olaraq adlandırdığını düşünmür. Ona görə bu sifət, hz. İsadan sonra "tanrıların oğulları kimi təqdim edilən ilahi kəslər, sirr dinlərində ibadət edilən oğul ilahlar və qnostik mifologiyada mövcud olan xilasedici fiqur" motivlərindən təsirlənilərək meydana gətirilmiş və böyük yanılma olaraq hz. İsaya isnad edilmişdir (Allahı tənzih edirik).

Dolayısilə, bu gün Qərbli tədqiqatçıların böyük hissəsi tərəfindən qəbul edilən həqiqət, İncillərin hz. İsanın sözlərinin tam şəkildə bir yerə toplanmasıyla meydana gəlmiş bir kitab olmamalarıdır. Onlara görə İncillər, hz. İsadan sonra onun sözlərinin, etdiklərinin, özündən sonra yaranan şərtlər altında bir yerə toplanmasından yaranan mətnlərdir.

 

İncil mətnlərinin müəllifləri
İncillər dövrümüzdə Markos, Matta, Luka və Yuhanna kimi müəlliflərin adlarıyla tanınmalarına baxmayaraq, adsız şəkildə qələmə alınıblar. Bu insanların həqiqətən İncilləri yazıb yazmadıqları məlum deyil. İncillər ancaq 2-ci əsrin ikinci yarısından sonra bugünkü adlarıyla xatırlanmağa başlanmışdır. Matta və Yuhanna, hz. İsanın həqiqi həvariləri kimi qəbul edildiyi halda, Markos Pavelin (Pavlus) ardıcılı və Luka da Pavelin (Pavlus) tələbələrindən biri hesab edilir. Yəni İncil müəllifləri əslində yaşamış şəxsiyyətlərdir, lakin İncilləri onların yazdıqlarına dair əlimizdə bir dəlil belə yoxdur. Tanınmış Bibliya tədqiqatçılarından E. P. Sanders, “The historical figure of Jesus” (“İsanın tarixi şəxsiyyəti”) adlı kitabında İncillərin yazılmasını belə açıqlayır:
Mövcud dəlillər göstərir ki, İncillər ikinci əsrin ikinci yarısına qədər adsız qalıblar... Əlimizdəki İncillərin adı ikinci əsrin ilk yarısında çəkilməyə başlandı. Lakin həmişə anonim şəkildə. Təxminən 180-ci ildə birdən-birə adlar meydana çıxdı. O vaxt bir çox İncil vardı, sayları bizim əlimizdəkilər kimi kimi dörd deyildi və xristianlar hansının qüvvədə olduğunu müəyyənləşdirmək məcburiyyətindəydilər. Bu əhəmiyyətli məsələ idi, fikri cəhətdən çox mühüm fərqlər vardı. Kimin qazandığını isə bilirik: bu dörd İncilin (nə daha az, nə də daha çox) hz. İsanın etibarlı qeydləri olduğunu düşünən xristianlar qazanmışdılar.
Sanders, digər bir məqaləsində "adsız" yazılan İncillərin adlandırılma prosesini belə qeyd edir:
2-ci əsrin ortalarında saysız İncil nüsxəsi vardı. Səlahiyyət sahibi xristianlar bunlardan hansılarının gerçək olduğu mövzusunda bir qərar vermək üçün onları adlandırmışdırlar. Beləliklə də, indiki vaxtda kilsə tərəfindən gerçək qəbul edilən dörd İncilə Markos, Matta, Luka və Yuhanna adları verilmişdir.
From Jesus to Christ, the origins of the New Testament, images of Jesus (İsadan Məsihə, Əhdi-Cədidin kökləri, İsanın imicləri) kitabının müəllifi olan Paula Fredriksen bu vəziyyəti belə yekunlaşdırır:
Hz. İsanın yunan dilində olan bəzi sözləri toplanmış və hazırda itkin olan bir sənəd halına gətirilmişdi. Bu sənədə dövrümüzün tədqiqatçıları Q adını verirlər. Şifahi ənənələr isə (möcüzələr, məsəllər, əfsanələr və s.) müxtəlif  xristian cəmiyyətlər tərəfindən bir yerə gətirilmiş, beləliklə də, böyümüş və əldən-ələ gəzmişdir. Bunların bir hissəsi adsız qeyri-yəhudi xristianlar tərəfindən 70-ci illərdə kağıza köçürüldü. Bu insanlar yazıçı deyildi və bir əsər yaratmadılar. Bəhs edilən hekayələri mətnlər halına gətirdilər. Bunun nəticəsində Markos İncili meydana gəldi.

Paula Fredriksenin diqqət çəkdiyi digər bir məsələ isə, İncillərdə işlədilən dillə əlaqədardı. Fredriksen xülasə şəklində bunları söyləyirdi:
Hz. İsa arami dilində danışırdı və təbliğini də arami dilində danışan yəhudilərə, fələstinlilərə və köçərilərə edirdi. Lakin İncillərin yayılmasında rol oynayan insanların dilləri yunan dili idi. Hz. İsanın şifahi təbliği və bütün etdikləri yunan dilinə yenə şifahi şəkildə tərcümə olundu. Bu tərcümələrin etibarlılığından əmin olmaqsa qeyri-mümkündür. Şifahi mənbələr üzərində aparılan psixoloji və antropoloji tədqiqatlar, bu mənbələrin tarixi baxımdan olduqca etibarsız olduğunu göstərmişdir. Köçürmə vaxtı səhvlik olmaması qeyri-mümkündür. Çünki müşahidə edən və köçürən bir insandır. Əgər bu məlumatlar yazılı hala gəlmədən əvvəl bir çox insan tərəfindən köçürülərək yazan insan çatıbsa, bu təqdirdə hər köçürmədə fərqli əlavələr, düzəlişlər və dəyişikliklər edilmişdir. Nəticə etibarilə də, hz. İsa ilə əlaqədar, şifahi şəkildə köçürülən məlumatlar bizə İncildə həqiqi deyilənlər və o dövrdə həqiqi mənada baş verənlər haqqında bir məlumat verir. Lakin eyni zamanda bu köçürmə vaxtı dəyişikliklər ola biləcəyini qəbul etməyimizi də zəruri edər.

Digər bir Bibliya tədqiqatçısı Con Dominik Krossan (John Dominic Crossan), “The birth of Christianity, discovering what happened in the years immediately after the execution of Jesus” (xristianlığın doğuşu, hz. İsanın fəaliyyətindən dərhal sonrakı illərdə yaşananları kəşf etmək) adlı əhəmiyyətli əsərində Markus C. Borq (Marcus J. Borg) və Barri Henautun (Barry Henaut) İncil müəllifləri haqqındakı bu şərhlərini bildirir:

İncilləri hz. İsa haqqında həqiqi məlumat mənbəyi kimi necə istifadə edə bilərik? İncillər eynilə öz müəlliflərinin səsləridir. Onların arxasında da hz. İsa haqqında danışan cəmiyyətdən adları naməlum olan insanlar var. Bu səslərin arasında da hz. İsanın sözlərindən və etdiklərindən izlər var. Hz. İsa haqqında doğru məlumatları toplamaq üçün iki çətin mərhələ keçilməlidir. Bunlardan birincisi hansılarının hz. İsaya aid olduğunu tapmaqdır. İkincisi isə, bu məlumatları 1-ci əsrdəki yəhudi aləminin tarixinə daxil etməkdir.
Hz. İsanın söylədiklərinin şifahi halı artıq tamamilə yox oldu. Söylənilən cümlələr quruluşundan ötrü müvəqqətidir və çox qısa müddət yaşayar. Təkcə dinləyicilərin hafizəsində yaşayar və tamamilə geri qayıtması təkcə hafizədən asılıdır... Yazılı ənənə belə dəyişikliyə uğrayar və inkişaf edər. Bu bizi İncilləri bilavasitə surəti çıxarılmış şifahi izahat zənn etməkdən qoruyur: ənənə mətn halına gətirilərkən təhrif edilmiş ola bilər. Üstəlik, bu təhrif yalnız sinoptik müəllifləri ilə də məhdudlaşmamışdır…

Nə İncil müəllifləri, nə də Əhdi-Cədidin digər hissələrini yazanlar, təsvir etdikləri hadisələrin bilavasitə canlı şahidləri olmayıblar. İncil müəllifləri, hz. İsadan sonra bir neçə on il ərzində nəsildən-nəslə ötürülən şifahi və yazılı ənənəni mətn halına gətirən insanlardır. Bundan ötrü də, əsrlərdir ki, bu mətnlər üzərində tədqiqat aparan müxtəlif mütəxəssislər, İncil mətnlərinin dövrümüzdəki halına gəlməsində çox müxtəlif təsirlərin rol oynadığına diqqət çəkiblər. Bir məqalədə bu təsir belə bildirilir:

Hz. İsanın ilk orijinal xatirələri, birincisi xristianların öz dini liderlərini ucaltmaq üçün onu universal xüsusiyyətli dini şəxsiyyət halına gətirmək səyləri, ikincisi qələmə alındıqları dövrün bütpərəst tanrı motivləri, üçüncüsü qeyri-yəhudi mənşəli xristianların meydana gətirdiyi ilk kilsənin, ayrıldığı mərkəzi yəhudiliyə qarşı çıxması, dördüncüsü bilavasitə xristian cəmiyyətinin fərqli cərəyanları içində ixtilaf çıxaran polemikalarla, nəhayət beşincisi isə, hz. İsanın həyatında baş verən hadisələrin Əhdi-Ətiq peyğəmbərlərinin verdikləri sözlərin yerinə yetirilməsi və beləliklə də, onun Əhdi-Ətiq peyğəmbərliyinin tamamlayıcısı kimi təqdim edilməsiylə, müxtəlif şəkillərdə mühafizə edilmiş, ayırd edilmiş, inkişaf etdirilmiş, ucaldılmış və qismən də korlanmışdır... Həmçinin İncillər, həm yəhudilərin təzyiqlərinə, həm də Roma imperatorluğunun zülmlərinə qarşı mövcudluğunu davam etdirmə mübarizəsi aparan ilk kilsə tərəfindən qələmə alındığı və içində olduqları vəziyyətdən ötrü, məzmunları bilavasitə hz. İsanın özü və etdikləri olmayıb, ilk kilsənin, müxalifləri ilə mübarizəsi konteksində hz. İsanın sözlərinə və etdiklərinə gətirdiyi şərhdir. Bu həqiqətə əsaslanaraq, İncillərin təqdim etdiyi məlumatların hz. İsanın bioqrafiyasını yazmaq üçün olduqca qeyri-kafi olduğu görülür. Məhz bundan ötrüdür ki, hz. İsanın mövqeyini və statusunu araşdırarkən dörd İncilin şərh olunmasında, imanları, fikirləri, qənaətləri, ön mühakimələri və mübahisələri, həm İncillərdə, həm də Əhdi-Cədidin digər kitablarında əks olunan ilk xristian cəmiyyətlərinin mövcud həyatlarına diqqət yetirmək məcburiyyətindəyik... Eləcə də, hz. İsanın mövqeyini araşdırarkən bunu da unutmamalıyıq ki, əsas mənbə olan İncillər, hz. İsadan 40-60 il sonra, onun həyatında baş verən gerçək hadisələrdən olduqca fərqli mühitdə, eləcə də, onun ana dili olan arami dilində deyil, yunan dilində qələmə alınmışdır... Bir sözlə, İncillər hz. İsanın söylədiklərinə və etdiklərinə bilavasitə şahid olan hz. İsanın öz həvariləri tərəfindən deyil, əksinə daha sonrakı dövrdə xristianlığı qəbul etmiş insanlar tərəfindən, zaman keçdikcə yaranan yeni vəziyyətlərə uyğun şəkildə seçilib toplanmış kitablardır. Yəni İncillər, hz. İsanın sözləri və etdikləri ilə əlaqədar ilk rəvayətlərə deyil, ikinci hətta üçüncü şəxlərdən gələn rəvayətlərə əsaslanır.
Yazıda diqqət çəkilən bu tarixi həqiqətlər çox əhəmiyyətlidir. İncil mətnlərini müqayisə apararaq araşdıran müstəqil tədqiqatçılar da eyni nöqtəyə diqqət çəkirlər: Dörd İncil bir-birindən olduqca fərqlidir.

 

Dörd İncil arasındakı fərqlər
Matta, Markos, Luka və Yuhanna; ardıcıl şəkildə qeyd olunan bu dörd İncil, ortaq qənaətə görə, 65-100-cü illər arasında yazılmışdır (bəzi tədqiqatçılar, 75-115-ci illər kimi daha gec tarixlər də verirlər). Bu isə, bu kitabların ilkinin hz. İsanın Allah Qatına alınmasından təxminən 30 il sonra qələmə alındığı deməkdir.
Bir qədər əvvəl də ifadə etdiyimiz kimi, tədqiqatçılar bu qədər gec bir tarixdə qələmə alınan kitabların hz. İsanın həyatını və təbliğini tam şəkildə əks etdirə biləcəyinə inanmırlar. Üzərində dayandıqları xüsus isə, İncil müəlliflərinin hz. İsanı olduğu kimi deyil, öz zehinlərində xəyal etdikləri kimi təsvir etmiş olmaları ehtimalıdır.
Dörd İncilin ilk üçü (yəni, Matta, Markos və Luka) bir-birlərinə xeyli bənzəyir. Bundan ötrü də, xristian ənənəsində "sinoptik İncillər" kimi xarakterizə olunurlar (sinoptik, "eyni gözdən" deməkdir və üç İncilin ortaq dünyagörüşünü ifadə edir). Bunlar arasında tarixi baxımdan ən tez yazılanı, Əhdi-Cədiddə ikinci yerə qoyulmuş olmasına baxmayaraq, Markosun İncilidir. Matta və Lukanın öz İncillərini yazarkən Markosu qaynaq kimi istifadə etdikləri, lakin bəzi əlavələr etdikləri qəbul edilir.
Dördüncü İncil olan Yuhanna isə, sinoptiklərdən kəskin şəkildə fərqlənir. Yuhannada bildirilən bəzi hadisələr sinoptiklərdə əks olunmamışdır və ya tam əksi öz əksini tapmışdır. Üstəlik, Yuhannanın bildirdiyi bir hadisə, sinoptiklərdə tamamilə fərqli şəkildə bildirilir. Sinoptiklər də bəzi hallarda bir-birləriylə ziddiyyət təşkil edirlər.
Əhdi-Cədid tədqiqatçıları dörd İncilin bir-birlərindən fərqli mövzular üzərində dayandıqlarına, müəlliflərinin işlətdiyi üslublarının mətnlərə əks olunduğuna və dörd İncilin öz aralarında bir çox tarixi ziddiyyətlər əks etdirdiyinə işarə edərək, İncillərdəki hər ayənin bilavasitə hz. İsanın sözü kimi qəbul edilməsinin mümkün olmadığını vurğulayırlar. Bu iddiaya görə Matta, Markos, Luka və Yuhanna tərəfindən yazılan 4 fərqli İncil, fərqli məqsədlərlə və fərqli cəmiyyətlər üçün yazılmışdır. Xristian tədqiqatçılar İncil mətnlərini üslublarına görə belə xarakterizə edirlər:

Matta; yəhudilər üçün yazılmışdır və bundan ötrü də, əsasən hz. İsadan "İbrahim və Davud oğlu Kral Məsih" kimi bəhs edir.
Markos; yunanlılar üçün yazılmışdır və bundan ötrü də, əsasən güc, hakimiyyət və xidmət üzərində dayanır. Hz. İsadan "böyük işlər görən Tanrının qulu" kimi bəhs edilir.
Luka; yunanlılar və yəhudilər istisna olmaqla digərləri üçün yazılmışdır. Bundan ötrü də, hz. İsanın üstün əxlaqı və insani cəhətləri üzərində dayanılmışdır. Hz. İsadan "İnsanların dostu olan Adəmin oğlu" kimi bəhs edilir.
Yuhanna; digər 3 kitabdan xeyli sonra yazılmışdır. Bu dövr ərzində yaranan reaksiyaları və sual işarələrini cavablandırmaq məqsədiylə yazılmışdır. Bundan ötrü də, hz. İsanın möcüzəvi cəhətləri üzərində dayanmışdır. "Allahın oğlu" (Allahı tənzih edirik) kimi ifadələr daha çox bu kitabda yer alır. Hz. İsadan "göylərdən gələn" kimi bəhs edilir.

Tarixi baxımdan İncillərin ən tez yazılanı Markos, ən gec yazılanı isə Yuhannadır və aralarında böyük fərqlər var. Əgər Markosun və Yuhannanın çatdırdıqları, tarixi məlumat kimi qəbul edilsə, bu fərqlər asanlıqla izah oluna bilər. Çünki ortada eyni hadisənin iki fərqli insan tərəfindən yazılmış iki ayrı təsviri var. Bu təsvirlərin biri hadisədən 40-45 il, digəri isə 60-65 il qədər sonra yazılmışdır.

İncillər arasındakı fərqlər qarşısında bəzi xristianlar; "kiçik fərqlərə baxmayaraq, nəticədə eyni hadisə bildirilir" kimi açıqlamalar verirlər. Onsuz da əhəmiyyətli olan da, məhz bu fərqlərdir. Çünki bu fərqlər, Əhdi-Cədidin müəlliflərinin yazdıqları mətnləri normal, insani yollarla yazdıqlarını göstərir: Hz. İsa haqqında bəzi şifahi məlumatlar eşitmiş, sonra da öz mədəniyyətlərinin, inanclarının, biliklərinin yaxud ön mühakimələrinin təsiri altında İncilləri yazmışdırlar. Dolayısilə bu mətnlər "insani"dirlər, "İlahi" deyildirlər. Bundan ötrü də, bunlar "içində haqq hissələrin olması mümkün olan tarixi mənbələr" kimi qəbul edilməlidir.

Xristian inancına görə, İncil mətnləri fərqli insanlar tərəfindən qələmə alınmışdır, lakin bu insanlar bunları "Tanrının verdiyi ilham"la yazmışdırlar. Buna görə də, Əhdi-Cədiddə yer alan mətnlərin hamısının hər sətrinin doğru olduğu qəbul edilir. Lakin İncillər arasındakı ziddiyyətlər, bunu qeyri-mümkün hala gətirir və bu kitabların tamamilə vəhyə əsaslandığını rədd edir. Eyni hadisənin fərqli şəkillərdə bildirilməsi isə, bunun insan hafizəsinin, zehninin, ön mühakimə və gözləntilərinin məhsulu olduğunu göstərir.

Xristian mənbələrinə baxdığınız vaxt, Əhdi-Cədidin dörd İncilindəki bu fərqli izahatın "bir-birlərini tamamlayan hissələr" kimi şərh olunmağa çalışıldığını görərsiniz. Bu məntiqə görə, hər İncil "hz. İsanın fərqli bir cəhətinin" görülməsini təmin edir. Halbuki bu yanlışdır. Ortada dörd fərqli mətn və dörd fərqli izahat vardır, çünki bu mətnləri yazan insanların hz. İsa haqqındakı düşüncələri fərqlidir. Dövrümüzün Bibliya tədqiqatçılarına görə, hz. İsa barəsindəki həqiqi məlumatları, hətta hz. İsaya verilmiş olan əsil İncili bir mənbə olaraq istifadə etmişdirlər, lakin bu vəhyi öz inanclarına görə şərh etmiş, yenidən şəkilləndirmiş və ya əlavələrlə genişlətmişdirlər. Bu tədqiqatçılar arasında əhəmiyyətli yer tutan Con Dominik Krossan (John Dominic Crossan), Riçard Q. Uots (Richard G. Watts) ilə birlikdə yazdığı, “who is Jesus? Answers to your questions about the historical Jesus” (“Hz. İsa Kimdir? Tarixi İsa barəsindəki suallarınıza cavablar”) adlı əsərində, İncil mətnləri arasındakı fərqlər haqqında bu açıqlamanı verir:

Əslində problemin təməlini dörd İncilə sahib olmağımız meydana gətirir. Çünki bir neçə fərqli varinat arasındakı müəyyən məsəlləri yaxud aforizmləri yaxud da hekayələri oxuduğumuz vaxt, aralarındakı ziddiyyətlər gözümüzdən yayınmaz. Əvvəla bunu söyləmək ağlımızı qarışdırır; “şahidlər eyni şeyləri fərqli şəkillərdə xatırlayırlar”. Lakin çox açıqdır ki, Matta və Luka İncillərini yazdıqları vaxt, önlərində Markos İncilinin (Əhdi-Cədid İncillərinin ilki) surətləri dayanırdı. Yəni hz. İsa barəsindəki hekayələr mövzusunda Matta və Luka müstəqil mənbələr deyildirlər, lakin Markosun varinatlarıdırlar. Bu, həmçinin variantların fərdi İncil müəlliflərinin dini fikirlərini (teologiyalarını) əks etdirdiyi deməkdir. Digər bir sözlə, hər bir İncil bioqrafiyadan çox hz. İsanın qəsdli bir şərhidir... Matta, Markos, Luka və Yuhanna arasındakı bütün fərqlər və digər bir çox İncillə (Q İncili, Əziz Tomas İncili və s.) birlikdə nəzərə çarpan bir problemimiz var. Hər bir İncil hz. İsanı anlamağın xüsusi yoludur. Görəsən tarixi həqiqətlərə nə qədər yaxındırlar?

Sitatda da bildirildiyi kimi, digər bir əhəmiyyətli həqiqət, dörd İncilin, əslində daha çox saydakı İncil nüsxələri arasından seçilmiş kitablar olmasıdır. Tomas İncili, Məryəm İncili, Peter İncili, Yaqub və Tomasın uşaqlıq İncilləri, Yaqubun gizli İncili, Eaqerton İncili, Oksirink İncili kimi bu fərqli İncillər, hz. İsa barəsində fərqli məlumatlar və şərhlər ehtiva edir. Tədqiqatçılar bütün bu İncillərin əslində tək bir orijinal (lakin itmiş) mətndən gəldiyini düşünürlər. Buna, alman dilindəki "quelle" (qaynaq) sözündən ilhamlanaraq "Q İncili" deyilir. İlk xristian cəmiyyəti və İncili ilk dəfə toplayanlar hz. İsanın sözlərini bir yerə toplayarlarkən içində olduqları vəziyyətə, siyasi təzyiqlərə və mövcud şərtlərə görə yeni şərhlər etmiş, müxtəlif çıxarışlar və əlavələr edərək əsl mesajdan uzaqlaşmışdırlar. Hazırda İncil üzərində tədqiqat aparan tarixçilər bu mövzuda həmfikirdirlər. Paula Fredriksen Əhdi-Cədid yazılarının qələmə alındığı dövrü belə yekunlaşdırır:
Əhdi-Cədid yazılarının yazıldığı dövr, şifahi izahatdan yazılı izahata; arami dilindən yunan dilinə, zamanın sonundan zamanın ortasına; yəhudilərdən qeyri-yəhudilərə; Qalileyadan Yəhudaya və oradan da imperatorluğa keçidlərin yaşandığı bir dövr idi.
İncil mətnlərinin meydana çıxması üzərində çoxlu tədqiqat aparılmış və çoxlu müxtəlif kitablar yazılmışdır. Bu tədqiqatçıların çox böyük hissəsi isə yuxarıda bildirdiyimiz fikirlərə qoşulurlar. Yəni İncil mətnlərinin kim tərəfindən yazıldığının qeyri-müəyyən olduğunu, bu mətnlərin hz. İsanın sözləri olub-olmadığı mövzusunda qəti qənaətə sahib oluna bilməyəcəyini, İncil müəlliflərinin hz. İsa ilə eyni dövrdə yaşamadıqlarını söyləyirlər. Məsələn, Prinston Universitetinin İlahiyyat fakültəsindən Eleyn Peycels (Elaine Pagels): "Matta, Markos, Luka və Yuhanna kimi adlandırdığımız İncilləri kimin yazdığı barədə demək olar ki, heç bir məlumata sahib deyilik" deyir. Who wrote the Gospels? (İncilləri kim yazdı?) kitabının müəllifi Randel MakQrav Helms (Randel Mc Craw Helms): "Markosun hz. İsanı görən heç kimi tanımadığını" söyləyir.

“U. S. News & World Report” jurnalında 10 dekabr 1990-cu il tarixində Cefri L. Şeler (Jeffery L. Sheler) tərəfindən qələmə alınmış; "who wrote the Bible?" (İncili kim yazdı?) başlıqlı bir tədqiqat mətni dərc olunmuşdur. Bir çox Bibliya tədqiqatçısıyla görüşən Şelerə (Sheler) görə: "Mütəxəssislər Bibliyanın tamamilə insan əməyinin məhsulu olduğu, müəlliflərinin kimliyinin əbədiyyən itirildiyi və əsərlərin əsrlərdir ki, tərcümə və düzəlişlər nəticəsində yox olduğu nəticəsinə gəlmişdirlər". Şeler (Sheler) İncillərin yazılmasıyla əlaqədar bunları söyləmişdir:

İndiki vaxtda İncilləri əslində Matta, Markos, Luka, Yuhannanın yazdığına inanan çox az sayda Bibliya mütəxəssisi var (liberal skeptiklərdən mühafizəkar yevangelistlərə qədər). Mətnlərin müəllifləri heç bir yerdə öz kimliklərini əks etdirmirlər və ya açıq şəkildə hz. İsanı tanıdıqlarını və ya onunla birlikdə səfərə çıxdıqlarını iddia etmirlər... Bəzi mütəxəssislər hz. İsanın ölümündən sonrakı 100 il ərzində çox sayda dəyişiklik yaşandığını, buna görə də, heç kimin İncillərin doğruluğu və ya etibarlılığından (xüsusilə də müəlliflərin hz. İsaya isnad etdikləri sözlərin) qəti şəkildə əmin ola bilməyəcəyini ifadə edirlər.
Şeler (Sheler), yazısında bir çox teoloqun fikirlərinə yer verir. Məsələn, Veston İlahiyyat fakültəsindən Cerom Neyrey (Jerome Neyrey): "Üzərində dayanılmalı əsas mövzu, İncilləri kimin yazdığını əslində bilməməyimizdir" deyir. 8 aprel 1996-cı il tarixli “Time” jurnalında da bu mövzu geniş şəkildə yer alır. Jurnala fikirlərini açıqlayan “The Gospel truth” (İncil həqiqəti) kitabının müəllifi Devid Van Biema (David Van Biema) bunları ifadə edir:

Bir çox mütəxəssisin doğruluğunu qəti şəkildə qəbul etdikləri şey, İncillərin; həvarilərin deyil, onların adı bilinməyən tərəfdarlarının (və ya onların tərəfdarlarının tərəfdarlarının) ortaya çıxartdıqları mətnlər olmasıdır. Hər biri hz. İsanın həyatıyla əlaqədar fərqli mənzərə təqdim edir. İlki hz. İsadan təxminən 40 il sonra yazılmışdır.
Prof. E. P. Sanders niyə İncillərin orijinal hallarından uzaqlaşdığını düşündüyünü belə yekunlaşdırır:
- İlk xristianlar hz. İsanın həyatının hekayəsini yazmayıblar, onlar daha çox bundan istifadə ediblər və buna görə də şəxsi hissələr qorundu (yəni onun sözləri və qəhrəmanlıqları barəsindəki qısa ayələr qorunmuş oldu). Bu hissələr daha sonra redaktorlar və müəlliflər tərəfindən təkmilləşdirildi və düzəldildi. Bu da, hz. İsanın sözləri və etdikləri ilə əlaqədar ən yaxın məzmundan heç vaxt əmin ola bilməyəcəyimiz deməkdir.
- Bəzi materiallar yenilənmiş, bəziləri də ilk xristianlar tərəfindən yaradılmışdır.
- İncillər anonim şəkildə yazılmışdır.

Dördüncü İncil
Yunanlıların xristian inancları üzərindəki təsiri ilə əlaqədar tədqiqat aparan insanlar üçün dördüncü İncil çox mühüm dəlildir. Akademiklərin əksəriyyəti Əhdi-Cədiddə dördüncü yeri tutan və xristianlar tərəfindən "Yuhanna İncili" kimi adı çəkilən kitabı yalnız "dördüncü İncil" kimi xarakterizə etməyi seçərlər. Çünki bu İncilin həvari Yuhanna tərəfindən yazıldığı iddiası bir çox tədqiqatçı tərəfindən qəbul edilmir.
Dördüncü İncilin müəllifinin, hz. İsanın kimliyi barəsindəki açıqlamaları və üslubu çox fərqlidir, nəql etdiyi sözlər və ya hadisələr fərqlidir. Sinoptiklərə görə olduqca fəlsəfi, olduqca simvolik və olduqca mistikdir. Əhdi-Cədiddəki ziddiyyətlərin əksəriyyəti də, əslində sinoptiklərlə dördüncü İncil arasındakı ziddiyyətlərdir. Prof. E. P. Sanders də “The historical figure of Jesus” (“Hz. İsanın tarixi portreti”) adlı əsərində sinoptik İncillər və Yuhanna İncili arasındakı fərqlər üzərində dayanır. Sanders hz. İsanın həyatından bəzi əhəmiyyətli hadisələri nümunə verərək, bu hadisələrin sinoptik İncillər ilə Yuhanna İncilində bir-birindən daha fərqli şəkillərdə bildirildiyinə diqqət çəkir. Sanders: "İkisindən birini qəbul etmək məcburiyyətindəyik" deyir və cümləsini belə tamamlayır:
"...Lakin digər bir ehtimal üzərində də dayanmalıyıq: bəlkə də, müəlliflərin heç biri nəyin nə vaxt yer alacağını bilmirdi. Əllərində böyük ehtimalla bir neçə dolaşıq məlumat vardı və onlar da bu məlumatlar əsasında inanılası hekayələr meydana gətirdilər. Özləri də bu hekayələrə yeni əlavələr etdilər".
Moris Keysi (Maurice Casey), “the origins and development of new testament christology”, (Əhdi-Cədid xristologiyasının kökləri və inkişafı) adlı mühüm əsərində bunları söyləyir:
Yuhannada hz. İsanın, Tanrının Oğlu ifadəsini 23 dəfə işlətdiyi görülür. Markosda isə bir dəfə. Əgər hz. İsa bu termini Yuhannanın söylədiyi qədər sıx işlətmiş olsaydı, dərin iman sahibi xristianlar da sinoptik İncillərdə bu ifadəni bir çox dəfə işlədərdilər... Halbuki sinoptiklərdə bu barədə dəlillər yoxdur. Əgər "oğul" ifadəsi hz. İsanın öz müqəddəsliyini bildirmək üçün, işlətdiyi ən təməl ifadə olsaydı, həvarilər bu termini çox işlədərdilər, bu sözlər Lukaya sıx şəkildə ötürülərdi və Luka da hamısını kağıza tökərdi.
Keysi (Casey), Yuhanna İncilində olan və təslis inancının təməlini meydana gətirən bəzi ifadələrin, niyə sinoptik İncillərdə olmadığını araşdırır. Gəldiyi nəticə isə budur: Əgər hz. İsanın "Allahın oğlu" olduğu iddiası və ona əsaslanan təslis inancı həqiqətən xristianlığın təməli olsaydı, hz. İsanın sözlərində, təbliğində bu mövzu haqqında çoxlu dəlil olmalıydı. Halbuki sinoptik İncillərdə təslis inancının təməllərini tapmaq qeyri-mümkündür. Buna baxmayaraq, "insan övladı" ifadəsi istər sinoptik İncillərdə, istərsə də Yuhannada o qədər çox işlədilir ki, bundan hz. İsanın bu ifadəni işlətmiş ola biləcəyi aydın olur (doğrusunu Allah bilir). "Allahın oğlu" ifadəsinin hz. İsa tərəfindən işlədilmədiyini bildirən İncil tədqiqatçıları, "insan övladı" ifadəsi üçün tam əksini düşünürlər.
Yuhanna İncilinin digər diqqətçəkici tərəfi, yunan fəlsəfəsiylə olan əlaqəsidir. İncil tədqiqatçısı Ceyms Stil (James Still), "the Gospel of john and the hellenization of Jesus" (Yuhanna İncili və İsanın yunanlaşdırılması) adlı əhəmiyyətli məqaləsində bu mövzuda bunları söyləyir:
Yuhanna İncili ikinci əsrin əvvəllərində yunanlı xristianlar üçün yazıldı. Bu yeni inananlar, daha təhsilli və daha zəngin insanlar idi. Şəhərlərində yaşayan yəhudi diasporunu kiçik hesab edir, bunun əvəzində, Roma rəhbərliyinin etibarını qazanırdılar. Bundan ötrü də, Yuhannanın müəllifi, sinoptik İncillərdə yer alan və hz. İsanı yəhudilərin Məsihi kimi tanıdan ayələri çıxartdı… Fövqəlbəşər bir İsa fiquru ortaya çıxartdı. Əvvəlki sinoptik İncillər hz. İsanın yəhudilərin Məsihi, hz. Davudun nəslindən gələn və İsraili xilas edəcək insan olduğunu vurğulamışdılar. Yuhannanın müəllifi isə, yunanlı xristianları məmnun etməyən bütün bu yəhudi anlayışlarını yox etdi, hz. İsanın Fələstin və hz. Davud nəsli ilə əlaqədar olan əlaqələrini yox etdi.

Ceyms Stilin (James Still) digər açıqlamaları belədir:
Bu gün məlum olan hz. İsanı, ortaya çıxartmış yunan fəlsəfəsinin təsirini Yuhannada çox açıq şəkildə görərik. Bu tam mənasıyla yunanlaşdırılmış və Tanrıya bərabər kimi göstərilmiş bir hz. İsa portretidir. Yuhannanın mürəkkəb və mistik üslubunun tək məqsədi var; hz. İsanın Tanrı olduğu mesajını verə bilmək (Allahı tənzih edirik).
Sinoptik İncillərdə hz. İsaya ilahlıq isnad edən ayələr çox az olub mübahisəlidir. Lakin Stilin (Still) söylədiyi kimi bu yanlış inanc Yuhannada bütün mətnə nəzərəçarpan şəkildə hakimdir. Ceyms Stil (James Still) eyni məqaləsində 4 İncildə hz. İsanı ilahlaşdırmaq üçün aparılan tənzimləmələrdən belə danışır:
Burada (Yuhanna İncilində) hz. İsanın doğumu yoxdur, bizə "hər şeyin başlanğıcında" hz. İsanın Tanrı ilə birlikdə yarandığı bildirilir. Çünki bu İncilin müəllifi, hz. İsanın doğumundan danışmağın, bu doğum hər nə qədər fövqəladə olsa da, əzəldən bəri mövcud olan Oğul Tanrı anlayışıyla uyğunlaşmayacağı qənaətindədir. Hz. İsanın Markos İncilində gördüyümüz insani acizlik və ehtiyacları Yuhannada qətiyyən yer almır... Çünki Yuhannanın yazıldığı dövr olan birinci əsrin sonunda, hz. İsa barədə deyilənlər onu bir yunan tanrısı halına gətirmişdir (Allahı tənzih edirik).


Xristianlar bu əsassız iddianı niyə ortaya atmış ola bilərlər?

Təslis inancı, ortaya çıxdığı illərdən dövrümüzədək, demək olar ki, hər dövrdə böyük mübahisələrə səbəb olmuşdur və 18-ci əsrdən etibarən də bu mübahisələr daha geniş sahələrə yayılmışdır. Bu illərdə başlayan Bibliya tədqiqatları, insanları, əvvəlcə təslis inancının niyə İncildə açıq şəkildə yer almadığını, sonra isə, hansı şərtlər altında ortaya çıxdığını sorğu-sual etməyə yönəltmişdir. İndiki vaxtda da müxtəlif ilahiyyatçılar, elm adamları, tədqiqatçılar, yazıçılar və müstəqil xristian cərəyanları təslis və kəffarə inancı başda olmaqla, bir çox ənənəvi xristian inancını rədd edirlər. Növbəti hissədə nümunələrini nəzərdən keçirəcəyimiz bu insan və cərəyanların bir hissəsi təslis inancına qarşı çıxan arianların ideologiyasını müdafiə edirlər. Düşüncələrini isə Bibliya və ilk xristianlıqdan qalan əsərlərlə əlaqədar aparılmış tədqiqatlara əsaslandırırlar.
Hz. İsadan bir neçə əsr sonra, İznik və Kalkedon kilsə məclislərində alınan qərarlardan sonra, təslis inancı xristianlığın təməli halına gətirilmiş, bu böyük yanılmaya inanmamaq isə, imansızlıq kimi qəbul edilmişdir. Bundan ötrü də, təslis inancının Allaha, Onu tək ilah qəbul edərək iman etməklə ziddiyyət təşkil edən bir təlim olduğuna inanan, İncillərdə təslis inancının qeyd olunmadığını müdafiə edən və ya bu mövzuda şübhələrə sahib insanlar ya susdurulmuş, ya da təzyiqlə razı salınmışdırlar. Teodor Tsan (Theodore Zahn), “articles of apostolic creed” (“həvvari inanclarının maddələri”) adlı əsərində "180-210-cu illər arasında "Allaha, Onu tək ilah qəbul edərək iman etmək" sözünün əvvəlinə "ata" sözünün əlavə olunduğunu" söyləyir. Tsan (Zahn), bunun əvvəlcə bir çox kilsə liderinin reaksiyasına səbəb olduğunu və bu liderlərin "edilən şeyin müqəddəs mətnlərdə olmayan inanclar meydana gətirmək olduğunu" söylədiklərini ifadə edir. Apardığı İncil tədqiqatlarıyla tanınan Dunkan Hister (Duncan Heaster) isə 1988-ci ildə təslis inancı mövzusunda aparılan bir müzakirədə fikirlərini belə dilə gətirmişdir:
Təslis inancı bizə qavramağın qeyri-mümkün olduğu Tanrı inancı təqdim edir və bu inanc Tanrının açıq və aydın sözləriylə tamamilə ziddiyyət təşkil edir. Hər hansı biriniz, Allahın eyni zamanda "həm üç, həm də bir" olduğu iddiasını anlaya bilirsinizmi? Və ya "doğulmadan əvvəl də mövcud olan bir oğul" inancını qavraya bilirsinizmi? Mən təslis inancının Allahın sözündə qətiyyən qeyd olunmadığını söyləyirəm. İncildə "təslis" ifadəsi bir dəfə belə işlənmir. Hamımız çox yaxşı bilirik ki, bu inanc xristianlığa 3-cü əsrdə əlavə olunmuşdur... "Tanrı" sözü İncildə 1300 dəfə işlənir və bu İncil ayələrinin heç birində "Tanrı" ifadəsi ilə birdən çox şəxsiyyət və ya üçləmə nəzərdə tutulmur, eyham belə edilmir. Lakin Allahın bir olduğu ifadə edilir... Təslis inancı müdafiəçilərinin bəhs etdikləri inanc Əhdi-Ətiqin mətnlərində də bilinmir.
Histerin (Heaster) sözləri çox açıqdır və dövrümüzdə onunla eyni fikirləri dilə gətirən bir çox tədqiqatçı var. Məsələn, Con Hik (John Hick), “the rainbow of faiths (inancların göy qurşağı) adlı əsərində bu nəticəyə gəlir (Allahı aşağıdakı sitatda qeyd olunan ifadələrdən tənzih edirik):
1) Son illərdə aparılan tədqiqatlara baxdığımız vaxt, hz. İsanın, "Tanrı və ya müqəddəs üçləmənin ikinci şəxsi olan Tanrının oğlu" olduğunu öyrətmədiyini görərik. O bu inancın tam əksinə, həmişə özünün bir "insan övladı" olduğunu insanlara öyrətmişdir.
2) Səlahiyyət sahibi xristianlar və teoloqlar, hz. İsanın həm tam bir Tanrı, həm də tam bir bəşər olduğu şəklindəki ənənəvi xristian inancını aydın şəkildə izah edə bilmirlər.
3) Təcəssüm inancı xristianların digər dini ənənələrlə və onların mənsubları ilə olan əlaqələrinə bərpa edilməz zərərlər verir. Çünki bu inanc, xristianlığın digər dinlərdən üstün olduğunu eyham edir.
Burada bir xüsus da vurğulanmalıdır. Bizim bu kitabdakı məqsədimiz nə təslis inancını ilk dəfə ortaya atan insanları, nə də təslis inancına sahib olan səmimi xristianları mühakimə etmək deyil, təslis inancı barəsindəki həqiqətləri Quran ayələri əsasında göstərmək və bu inancın ortaya atılmasındakı mümkün səbəbləri bildirməkdir. Unutmamaq lazımdır ki, əsİl müsəlmanlar Allahın göndərdiyi bütün elçilərə və kitablara iman edər, xristianların inanclarına və dəyərlərinə hörmət edərlər. Allaha qəlbən iman edən, Allahdan qorxan, Allaha səmimi sevgiylə bağlanan və Onun mübarək elçisi hz. İsaya dərin hörmət bəsləyən bütün xristianlara qarşı müsəlmanlar da böyük məhəbbət bəsləyər, onlara dostluq və tolerantlıqla yaxınlaşarlar.
Təslis inancının ortaya atılmasında da, pis niyyətli və mənfəətpərəst insanlar ola biləcəyi kimi, təmiz niyyətli olub, zaman içində xəbəri olmadan doğru yoldan uzaqlaşan insanların olması da mümkündür. Əvvəlcə müxtəlif formalarda ifadə edilən həmin bu inanc, zaman içində təhrif edilmiş ola bilər. Təslis bənzəri iddiaları dəstəkləyən və qəbul edilməsində rol oynayan insan və cəmiyyətlərin də mütləq bir-birlərindən fərqli düşüncələri olmuşdur. Bəziləri hz. İsanın üstün əxlaqını daha da vurğulamaq məqsədiylə, bəzi məcazi ifadələri yanlış şərh edərək, bəziləri mövcud siyasi və mədəni mühitdən təsirlənərək, bəziləri də xristianlığın daha da böyük sürətlə yayılmasını təmin etmək məqsədiylə bu kimi iddiaları öz ağıllarınca səmimi niyyətlə dəstəkləmiş ola bilər. Bundan ötrü də, təslis iddiasını rədd edərkən, ilk xristianların o dövrün tarixi, siyasi və mədəni şəraitinin təsiri altında qalaraq və ya üzləşdikləri çətinlik və təzyiqlərdən mənfi istiqamətdə təsirlənərək səhvə yol vermiş ola biləcəkləri də nəzərə alınmalıdır. Bu hissədə təslis iddiasının ortaya atılmasında rol oynamış ola biləcək mümkün səbəblər göstəriləcək (bu hissədə xristianların yanlış inanclarını ifadə etmək məqsədiylə işlədilmiş hər cür batil ifadədən Allahı tənzih edirik. Mübarək peyğəmbər hz. İsanın da bütün bu yaraşdırmalardan uzaq olduğunu yenidən bildirmək istəyirik).

 

İncildəki "Oğul" sözü təslis inancını dəstəkləmək məqsədiylə işlədilməmişdir
Təslis inancında hz. İsanın "Allahın oğlu" olduğuna dair yanlış inanc hakimdir (Allahı tənzih edirik). Halbuki xristianlığın yarandığı ilk illərdə və daha əvvəlki dövrlərdə "oğul" ifadəsinin necə və nə məqsədlə işlədildiyi araşdırıldıqda ortaya daha fərqli vəziyyət çıxır.
Oğul sözü İncildə hz. İsa üçün 4 fərqli şəkildə işlədilir: Məryəm oğlu, Davud oğlu, İnsan övladı, Allahın oğlu.
"Məryəm oğlu" ifadəsi hz. İsanın hz. Məryəm tərəfindən dünyaya gətirildiyini, "Davud oğlu" isə hz. İsanın İncilə görə hz. Davudun nəslindən gəldiyini ifadə edir.
"İnsan övladı" ifadəsi həm hz. İsanın özünü necə tanıtdığının, həm də ətrafındakı insanların özünə necə baxdıqlarının başa düşülməsi baxımından çox əhəmiyyətlidir. Çünki bu ifadə İncil mətnlərində Məsih və Allahın oğlu ifadələrindən daha çox işlədilir. "İnsan övladı" yəhudi ilahiyyatına məxsus bir ifadədir və Əhdi-Ətiqdə (xüsusilə də məzmurlarda) tez-tez işlədilir. Bilavasitə insanları ifadə edər və çox alışılmış bir ifadədir. Məsələn, Yezekel peyğəmbərdən bəhs edilərkən 90 dəfə "insan övladı" ifadəsi işlədilmişdir və o, insanlara ölümlü bəşər kimi tanıdılmışdır.
Bu ifadənin arami dilindəki qarşılığı olan "bar nash(a)", hz. İsanın dövründə də hamı üçün işlədilirdi, lakin İncildə işlədilən "insan övladı" ifadəsi, yəhudilərin müqəddəs kitablarındakı kimi, hamı üçün işlədilməmiş, yalnız hz. İsaya işarə edən bir ünvan kimi bir çox dəfə işlədilmişdir. İnsan övladı ifadəsi Matta, Markos və Lukada 69 dəfə, Yuhanna İncilində 13 dəfə işlədilir. Yalnız bir yerdə bütün insanları ifadə etmək üçün işlədilir (İbranilere Mektup, 2/6-8). Bu tərif həm hz. İsa üçün, həm də hz. İsa tərəfindən bir çox dəfə "mən" mənasında işlədilmişdir. Bu İncil ayələrindən bəziləri belədir:

Hər kəs Tanrının böyük gücünə heyran qaldı... Hər kəs İsanın bütün etdikləri qarşısında heyrət içində olarkən, İsa tələbələrinə: "Siz bu sözlərimə yaxşıca qulaq asın" dedi. "İnsan övladı, insanların əlinə təslim ediləcək". (Luka, 9/44)
...Yunis necə Nineviya xalqı üçün bir əlamət oldusa, insan övladı da bu nəsil üçün belə olacaq. (Luka, 11/30)
...İndi Qüdsə gedirik. Peyğəmbərlərin insan övladıyla əlaqədar yazdıqları hər şey gerçəkləşəcəkdir. O, digər xalqlara təslim ediləcək..." (Luka, 18/31-32)
İnsan övladı, müəyyənləşdirilmiş yolla gedir. Lakin onu satan insanın vay halına!" (Luka, 22/22)
İsa hələ danışarkən bir kütlə çıxıb gəldi. On ikilərdən biri, Yəhuda adında bir insan, kütləyə liderlik edirdi. İsanı öpmək üçün yaxınlaşdıqda İsa ona: "Yəhuda, İnsan övladını bir öpüşə görə mi ələ verirsən?" dedi. (Luka, 22/47-48)
Yuxarıda da ifadə etdiyimiz kimi "insan övladı" ifadəsi ilk xristianlar tərəfindən "insan" mənasında işlədilirdi. Çünki böyük hissəsi yəhudi olan ilk xristianlar bu ifadəni həmişə bu mənada işlətmişdilər və bu ifadəyə təkcə "bəşər" mənasını verirdilər. Əhdi-Ətiqdəki istifadələr də bu fikri dəstəkləyir, hz. İsanın Allahın yaratdığı, Allahın rəhmətinə möhtac bir bəşər olduğunu göstərirdi.
İncildə keçən "Allahın oğlu" ifadələri isə, təslis inancını müdafiə edənlərin dayaqlarından birini meydana gətirir. Lakin bu şərh, xristian aləmində əsrlərdir ki, özü ilə böyük mübahisələr gətirmişdir. Çünki yəhudi mədəniyyətini yaxından tanıyan, hz. İsanın yaşadığı dövrdə xalqın işlətdiyi dilin xüsusiyyətlərini araşdıran hər tədqiqatçı bu istifadənin məcazi məna daşıdığını ifadə etmişdir. Geniş yayılmış fikir budur: "Allahın oğlu" ifadəsi, yəhudi cəmiyyətində onsuz da geniş yayılmış olan və cəmiyyətdəki mühüm şəxsiyyətlər üçün tez-tez işlədilən məcazi bir ifadə forması idi.
1977-ci ildə, aralarında anqlikan teoloqların da olduğu 7 İncil mütəxəssisi "the myth of God incarnate" ("Tanrı insan şəklini aldı" əfsanəsi) adlı bir kitab nəşr etdilər. Bu kitab çox böyük təsir oyatdı. Ön sözdə redaktor John Hick bunları yazırdı:
Bu kitabın müəllifləri 20-ci əsrin bu son dövründə böyük dini inkişafın gerçəkləşməli olduğu mövzusunda həmfikirdirlər. Bu ehtiyac əvvəlcə xristianlığın kökləriylə əlaqədar məlumatın artmasından qaynaqlanır. Həmçinin hz. İsanın Allah tərəfindən xüsusi bir vəzifə və mübarək bir məqsədlə göndərilmiş bir insan olduğunu qəbul etməyə əsaslanır. Eləcə də, hz. İsanın Allahın təcəssümü (insan şəklini alması) və üçləmənin ikinci insanı olduğu istiqamətindəki inancın, hz. İsanın bizim üçün ifadə etdiklərinin poetik və mifoloji ifadə forması olduğunu qəbul etməyə əsaslanır.

Con Hikin (John Hick) kitabı boyunca müxtəlif dəlillərlə üzərində dayandığı həqiqət "Tanrının oğlu" ifadəsinin tamamilə hz. İsadan sonra ortaya atılan bir inanc olması və hz. İsanın qətiyyən belə bir inancı təbliğ etməməsidir.

Hz. İsa, daha sonra yaşayan xristianların düşündükləri kimi, özü barəsində ilahlıq iddiasıyla çıxış etməmişdir. Özünü Tanrı, Tanrının oğlu və ya Tanrının təcəssümü olaraq görmürdü... Hz. İsanın özünü bu cür gördüyünü düşünmək qətiyyən mümkün deyil. Üstəlik, o bu istiqamətdəki bir fikri inkar hesab etmişdir, ona aid olduğu deyilən bu söz bunu açıq şəkildə göstərir: "Niyə mənə Tanrı deyirsiniz? Yaxşı olan tək biri var, O da Tanrıdır". (Markos, 10/18) Əlbəttə ki, hz. İsanın nə söyləyib, nə söyləmədiyi ilə əlaqədar qəti danışmaq qeyri-mümkündür. Lakin əldəki dəlillər, tarixçilərin fikir birliyi ilə hz. İsanın belə bir iddia etmədiyini qəbul etmələrini təmin etmişdir.
Yəhudilər arasında çox sıx şəkildə işlədilən "Allahın oğlu" ifadəsi məcazi olaraq "Allaha məxsus" mənasını verirdi. Buna görə də, bir insana Allahın oğlu deyildikdə, o insanın Allaha yaxın olduğu, Allaha qəlbən xidmət etdiyi və Allahın razı olacağı bir həyat tərzi yaşadığı ifadə edilmək istənilirdi. Qətiyyən həmin insanın Allahla eyni və ya Ona bərabər xüsusiyyətlərə sahib olduğu, yaxud ilahlıq daşıdığı qəsd edilmirdi (Allahı tənzih edirik). Necə ki, yəhudilikdə də belə bir inanca yer yoxdu.
Dolayısilə ilk xristianların da bu ifadəylə, hz. İsaya bəslədikləri hörməti və onun Allaha yaxınlaşdırılan mübarək bir qulu olduğuna dair güclü inanclarını bildirmək istəmiş olmaları mümkündür. Necə ki, bir çox xristian ilahiyyatçı da: "Hz. İsa üçün işlədilən "Allahın oğlu" ifadəsinin, hz. İsanın tərəfdarları tərəfindən özünü şərəfləndirmək və ucaltmaq üçün işlətdiyini söyləyərək, məcazi məna daşıdığını" vurğulayır.
Əslində "oğul" ismi ivrit dilində xüsusi ifadə forması idi və başqa anlayışlarla birlikdə də işlədilirdi. Bir insanın bir şeyin "oğlu" olaraq xatırlanması, onunla yaxın əlaqəsi olduğu mənasını verirdi. “The Catholic Encyclopedia”, bu mövzuda bunları yazır:
"Oğul" sözü samilər (yəhudilər və ərəblər) arasında, yaxın və ya xüsusi bir əlaqəni bildirmək üçün işlədilirdi. Məsələn, "qüvvətin oğlu" qəhrəman döyüşçü deməkdi; "pisliyin oğlu" pis insan, "qürurun oğlu" qürurlu insan, "malın oğlu" çox zəngin bir insan, "fidyənin oğlu" bir girov, "ildırımın oğlu" çox sürətli uçan bir quş, "ölümün oğlu" öləcəyi gözlənilən bir insan, "yayın oğlu" ox, "şeytanın oğlu" lənətli bir insan mənasını verirdi. "Peyğəmbərlərin oğlu" ifadəsi, həmin peyğəmbərlərə itaət edən tələbələri ifadə etmək üçün işlədilərdi. "Tanrının oğlu" ifadəsi isə, Əhdi-Ətiqdə, Allahla yaxın əlaqəsi olan varlıqlar üçün işlədilərdi. Mələklər və ya yalnız dindar insanlar "Tanrının oğlu" kimi xatırlanırdılar.
19 May Universiteti İlahiyyat fakültəsindən Dos. Dr. Mahmud Aydın, John Hickin bu mövzudakı fikirlərini belə nəql edir:

...Bu cür bir ifadə forması, hz. İsanın gəldiyi dövrdə onsuz da geniş şəkildə mövcud olan və cəmiyyətdəki mühüm şəxsiyyətlər üçün tez-tez işlədilən bir ifadə forması idi. Dolayısilə, hz. İsanın həvariləri də bu ifadəni (yəni "Allahın oğlu" ifadəsini) mənimsəyərək, onu asanlıqla öz liderləri, yəni hz. İsa üçün işlədiblər. Buna görə də, hz. İsa eynilə Davud nəslindən gələn krallar və yəhudi cəmiyyətində yaşayan dini və əxlaqi baxımdan çox mühüm şəxsiyyətlər kimi Allahın oğlu olaraq təsvir edilmişdir. Hikə görə yəhudi düşüncəsində özlərinə "Allahın oğlu" sifəti verilən krallar və mühüm şəxsiyyətlər qətiyyən söz mənası etibarilə Allahın oğulları kimi başa düşülməyiblər. Lakin onlar sahib olduqları xüsusiyyətlərdən ötrü yalnız şərəfləndirilmək və ucaldılmaq üçün Allahın oğulları kimi görülərək şərəfləndiriliblər. Yəni həmin bu ifadə yəhudi düşüncəsində qətiyyən həqiqi mənada işlədilməmişdir. Yəhudi tarixi boyunca "Allahın oğlu" ifadəsi insanlar üçün işlədilmişdir. Məsələn, Məsih, sülalə krallarının Allahın oğlu kimi qəbul edildiyi hz. Davudun sülaləsindən gəlməli olan dünyəvi bir kral kimi qəbul edilirdi... Hz. İsanın tərəfdarları da mövcud olan bu ifadələri çox asan şəkildə onun üçün işlədiblər. Hz. İsanın ilahi xüsusiyyətə sahib varlıq hesab edilməsi ilk növbədə onun yaşadığı mədəniyyətin bir nəticəsidir. Buna görə də, hz. İsanın gəldiyi dövrdə bəzi mühüm xüsusiyyətlərə sahib insanlar, məcazi mənada ilahi xüsusiyyətə sahib "Allahın oğlu" kimi adlandırılırdılar.
Mahmud Aydın (Mahmut Aydın), Con Hikin (John Hick) bu mövzudakı fikirlərinə geniş şəkildə yer verdikdən sonra "Allahın oğlu" ifadəsinin istifadəsi barədə bunları müəyyənləşdirmişdir:

Nə hz. İsanın şəxsən özü ilahi xüsusiyyətə sahib olduğunu irəli sürüb, nə də onun həvariləri onun ilahiliyini vurğulayacaq hər hansı isnad ediblər. Əksinə hz. İsanın ilahlığı düşüncəsi ilk xristian cəmiyyətində ortaya çıxmış və zaman keçdikcə inkişaf edib doktrina halını almış və ehkam halına gətirilmişdir. Çünki, bu, ilahi oğulluq ifadələrinin zaman keçdikcə yəhudi konteksindən çıxıb ellinist Roma mədəniyyətinin konteksinə daxil olması nəticəsində baş vermişdir.
Əhdi-Cədid tədqiqatçılarından və ilk xristianlığın kökləriylə əlaqədar müxtəlif kitabları olan P. M. Keysi (P. M. Casey) isə: "Hz. İsa, özünün xüsusi və olduqca dindar bir insan olduğunu düşünənlər tərəfindən Tanrının oğlu kimi adlandırılmış ola bilər" deyir. Keysinin (Casey) diqqət çəkdiyi digər bir məsələ isə, yəhudi ənənəsində fərdi və ya ictimai cəhətdən əhəmiyyətli insan və hadisələrin, mifoloji və məcazi ifadələrlə ifadə edilməsidir.
Yəhudi inanclarında yer alan "Məsih" anlayışına görə bir kral olan Məsih, hz. Davudun nəslindən gələcəkdi. Hz. Davudun nəslindən gələn krallar da, "krallıq mövqeyinə təyin edilmiş olmaq mənasında Tanrının oğulları olaraq" qəbul edilirdilər... Hz. İsaya "Məsih" olaraq iman edənlər də bu inancın davamı olaraq onu bu ifadəylə yada salmaqda bir problem görməmiş ola bilərlər.
Prof. E. P. Sanders də “the historical figure of Jesus” (“Hz. İsanın tarixi portreti”) adlı əsərində Allahın oğlu ifadəsinin yəhudi cəmiyyətində heç vaxt həqiqi mənasıyla işlədilmədiyinə diqqət çəkir. Sanders, yəhudilər arasında işlədilən "Allahın oğulları" ifadəsinin kişi və qadınlara aid olan mənəvi məna ifadə etdiyini söyləyir. Bu yəhudilər üçün məcazi məna ifadə edir və Allaha bağlılığı bildirir. E. P. Sanders ilk xristianlar tərəfindən "Allahın oğlu" ifadəsinin işlədilməsini belə açıqlayır:
...İlk xristianlar hz. İsa üçün “Allahın oğlu” sözünü işlətdilər, lakin onlar onun yarı Tanrı-yarı insan olduğunu düşünməmişdilər. Onlar “Allahın oğlu” sözünü yüksək vəzifə hesab etmişdilər... Hz. İsanın ilk tərəfdarları onu “Allahın oğlu” olaraq çağırdıqlarında daha mücərrəd vəziyyəti ifadə etmək istəmiş ola bilərlər: çox əhəmiyyətli bir işi bacarması üçün özünü seçən Allahla xüsusi əlaqəsinin olması kimi. Qeyri-yəhudi xristianlar isə, bu dini ilk qəbul etdikləri vaxt, Allahın oğlu ifadəsini, Makedoniyalı İsgəndərlə əlaqədar hekayələr və ya öz mifologiyaları əsasında anlamış ola bilərlər...
Sandersin də qeyd etdiyi kimi, hz. İsanın təbliğinin yəhudilərdən qeyri-yəhudilərə, yəni bütpərəst romalılara keçməsiylə birlikdə, məcazi olaraq işlədilən bu ifadənin mənası dəyişməyə başlamış və hz. İsanın ilahlığını ifadə edən bir mənada işlədilməyə başlanmışdır. Beləliklə də, ilk xristianlar tərəfindən Məsih olaraq tanınan və tamamilə bəşəri xüsusiyyətə sahib bir şəxsiyyət kimi qəbul edilən hz. İsa, ilah olaraq xatırlanmışdır (Allahı tənzih edirik). Uilyam C. Varner (William C. Varner), bir məqaləsində bu terminin xristianlar tərəfindən necə qəbul edildiyini araşdırır:
İncildə hz. İsaya inanan hər kəsin "Allahın oğlu" kimi tanıdıldığı danılmaz həqiqətdir. (Yuhanna, 1/12) O zaman mənim Allahın oğlu olmağımla hz. İsanın Allahın oğlu olması arasında necə bir fərq var? Allahın oğlu ifadəsi həqiqətən də hz. İsanın ilahlığının bir ifadəsidir mi, yoxsa xristianlar İncilin nəzərdə tutduğundan daha çoxunumu oxuyurlar? Bu sualın cavablandırılması üçün xristianlıq mesajını ilk dinləyən və ilk oxuyanların bu ifadəni necə anladıqları araşdırılmalıdır. Bəs bu insanlar kimdi? Bu insanlar bir qayda olaraq yəhudilər və qeyri-yəhudilərdi. Bu iki qrup da "Allahın oğlu" terminini 1-ci əsrin dilçiliyi və mədəni mühitində həmişə işlədirdilər.
Təslis inancını müdafiə edənlər, İncildə işlənən "oğul" anlayışını şərəfləndirmə və hörmət göstərmə ifadəsi kimi şərh etməyi qəbul etməzlər. Halbuki İncilin bir çox yerində, həmin bu anlayış, açıq şəkildə bu mənada işlədilmişdir. Məsələn, "Tanrının oğulları" ifadəsi Allaha iman edən və hz. İsanın izindən gedən bütün səmimi iman sahibləri üçün işlədilir:

"Lakin mən sizə deyirəm: Düşmənlərinizi sevin və sizə əziyyət verənlər üçün dua edin ki, siz göylərdə olan Rəbbinizin oğulları olasınız, çünki o, günəşini pislərin və yaxşıların üzərində doğdurar və saleh olanlarla olmayanların üzərinə yağışını yağdırar. Çünki sizi sevənləri sevsəniz nə qazanarsınız? (Romalıların) Vergi toplayanları da belə etmirlərmi? Eləcə də, ancaq qardaşlarınıza salam versəniz, bundan artıq nə etmiş olarsınız? Bütpərəstlər də belə etmirlərmi? Bundan ötrü də, səmavi Rəbbiniz kamil olduğu kimi siz də kamil olun". (Matta, 5/44-48)
Allahın ruhuyla idarə olunanların hamısı Allahın oğullarıdır. (Pavlus'un Romalılara Mektubu, 8/ 14)
Hər şeyə qadir olan Rəbb: "Sizin Allahınız olacağam, siz də oğullarım və qızlarım olacaqsınız" deyir. (Pavlus'un Korintlilere İkinci Mektubu, 6/18)
Ziddiyyətiniz böyük olacaq və sizə Uca olanın oğulları deyiləcək. Çünki o yaxşılıq bilməzlərə və pislərə qarşı da yumşaqürəklidir. (Luka, 6/35)
Yuxarıdakı nümunələrdə də görüldüyü kimi "Allahın oğulları" ifadəsi İncil ayələrində bir çox dəfə işlədilir. Bu məna isə, eynilə yəhudi mədəniyyətindəki kimi istifadə edilir: Allahı dost tutmuş, Allaha yaxınlaşmaq üçün səy göstərən, Allahın qanunlarına görə yaşayan insanlar... Necə ki, Luka İncilində hz. Adəmdən də "Allahın oğlu idi" (Luka, 3/38) kimi bəhs edilir. İncildə olduğu kimi Əhdi-Ətiqdə də "Allahın oğlu" ifadəsi bir çox dəfə işlədilir. Məsələn, Əhdi-Ətiqdə İsrail milləti üçün "oğul" ifadəsi işlədilir:
İsrail, uşaq olarkən onu sevdim və oğlumu Misirdən çağırdım. (Hoşea, 11/1)
Digər bir Tövrat ayəsində eyni ifadə, mələkləri təsvir etmək üçün işlədilmişdir:
Nəhayət Allahın oğulları Rəbbin qarşısında özlərini təqdim etməyə gəldikləri gün gerçəkləşdi ki, onların arasında şeytan da gəldi. (Eyüb, 1/6)
Çıxış fəslinin 6-cı babının başlanğıcında "Allahın oğulları" ifadəsiylə yer üzündə çoxalan insanlar təsvir edilir. Bu istiqamətdəki digər ayələr belədir (Allahı ayələrdəki ifadələrdən tənzih edirik):
Firona deyəcəksən: Rəbb belə deyir: İsrail oğlumdur, ilkimdir. (Çıkış, 4/22)
Ağlayaraq gələcəklər, yalvardıqca onlara yol göstərəcəyəm, onları sulu vadilər yanında büdrəməyəcəkləri doğru yolda yeridəcəyəm, çünki Mən İsrailin Rəbbiyəm, Efrem də ilk oğlumdur. (Yeremya, 31/9)
Fərmanı elan edəcəyəm, Rəbb mənə (Davud) dedi: Sən Mənim oğlumsan, Mən səni bu gün dünyaya gətirtdim. (Mezmurlar, 2/7)
Tövratda hz. Süleyman üçün də "Allahın oğlu" ifadəsi işlədilir. Əlaqədar hissə belədir:
Eləcə də, gerçəkləşəcək ki, günlərini başa vurub atalarınla birlikdə olmaq üçün getdiyin vaxt, səndən sonra oğullarından gələcək nəslini dayandıracağam və onun krallığını gücləndirəcəyəm. O Mənə ev tikəcək və onun taxtını əbədiyyən möhkəmləndirəcəyəm. Mən onun Rəbbi olacağam və o Mənim oğlum olacaq, eləcə də, səndən əvvəl olana kömək etməkdən imtina etdiyim kimi ona kömək etməkdən imtina etməyəcəyəm və onu həmişə Öz evimdə və Öz krallığımda saxlayacağam və onun taxtı əbədiyyən möhkəmlənəcək. (1. Tarihler, 17/11-14)
"Allahın oğlu" sifətiylə xatırlanan bu mübarək insan hz. Davudun oğullarından biri olan hz. Süleymandır.
(Davud oğlu Süleymana) dedi: ...budur, sənin üçün bir oğul doğacaq, o sülhsevər olacaq və və onu ətrafındakı bütün düşmənlərindən uzaqlaşdıracağam, çünki onun adı Süleyman olacaq və onun günlərində İsrailə salamatlıq və sakitlik verəcəyəm. O Mənim adıma ev tikəcək, Mənim oğlum olacaq, Mənsə onun Rəbbi olacağam və İsrail üzərində krallığın taxtını əbədiyyən gücləndirəcəm. Oğlum indi Rəbb səninlə birlikdə olsun və işin avand olsun və Allahın olan Rəbbin evini, sənin haqqında söylədiyi kimi hazırla. (1. Tarihler, 22/9-11)
Yenə eyni hissədə belə davam edilir:
Bütün oğullarımdan (çünki Rəbb mənə çoxlu oğul verdi), Rəbbin İsrail üzərində krallığın taxtına oturmaq üçün oğlum Süleymanı seçdi və mənə belə dedi: Oğlun Süleyman, evimi və həyətlərimi o düzəldəcək, çünki onu Özümə oğul götürdüm və Mən onun Rəbbi olacağam. Eləcə də, bu gün olduğu kimi, əmrlərimi və hökmlərimi yerinə yetirmək üçün təmkinli olsa, onun krallığını əbədiyyən gücləndirəcəm. (1. Tarihler, 28/5-7)
Yuxarıda qeyd olunanların hamısı yəhudi ənənələrində "Allahın oğlu" ifadəsinin "Allahı dost tutan, səmimi və təqva sahibi" qullar üçün işlədildiyini tam açıq şəkildə göstərir. Dolayısilə bu ifadənin hz. İsa üçün istifadə olunma məqsədi də eynidir. Bu ifadə, eynilə hz. Süleyman və hz. Adəmlə əlaqədar açıqlamalarda da olduğu kimi, yəhudi ənənələrindən qaynaqlanan məcazi izahatdır. Bu termin yəhudi mədəniyyətiylə yetişən, Tövratı bilən və hz. İsaya tabe olana qədər yəhudiliyin tələblərini yerinə yetirən ilk xristianlar tərəfindən də hörmət, təqva və Allaha yaxınlığı ifadə etmək üçün seçilmişdir.

"Allahın oğlu" ifadəsinin təslis inancına dayaq meydana gətirə bilməyəcəyini göstərən digər bir dəlilsə, İncildə Allahın adının istifadə olunması formasıyla əlaqədardır. Antoni Bazard (Anthony Buzzard), İncildə Allahın adının hansı formada işlədildiyini, "who his Jesus? Do the creeds tell us the truth about him?" (“hz. İsa kimdir? Etiqadlar bizə onunla əlaqədar həqiqəti söyləyirmi?”) başlıqlı məqaləsində bu sözlərlə təsvir edir:
Tanrı sözü Bibliyada minlərlə dəfə tək şəxs əvəzlikləriylə ifadə edilir: Mən, Mənə, Məni, Sən, Sənə, Səni, O, Ona, Onu və s. Biri bu əvəzliklərin 11 000 dəfə işlədildiyini hesablamışdır. Bütün dillərdəki bu əvəzliklər 3 insanı deyil, tək şəxsləri ifadə edir. Allahın üç deyil, bir varlıq olduğunu bizə bildirən minlərlə ayə var. Əhdi-Cədiddəki Allah adının "Allahın üç kimlikdə olduğu" mənasını verdiyini sübut edə biləcək heç bir hissə yoxdur. Buna görə də, Bibliyadakı Allah ismi qətiyyən təslis prinsipindəki Allah mənasına gəlmir.(61)
Bu başlıq boyunca vurğuladığımız kimi "oğul" ifadəsi yəhudi mədəniyyətində çox geniş şəkildə işlədilən və ilahlıq mənası daşımayan bir ifadədir. Dolayısilə bu ifadəni hz. İsanın Allahın oğlu olduğunu düşünərək işlədənlər, bu mübarək peyğəmbərin Allahla bərabər güclərə sahib olduğunu iddia edənlər (Allahı tənzih edirik), yəhudi inanclarına görə böyük səhv edirlər. İslam dinində də bu ifadəni hz. İsaya ilahlıq isnad edərək işlədənlər Quran ayələrində bir çox dəfə xəbərdar edilirlər. Bu hərəkətləri Allah Qatında çox böyük günahdır. Rəbbimiz Maidə surəsində belə bildiriir:

“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!” deyənlər artıq küfrə sapdılar. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 17)