İncildə tez-tez işlədilən və təslis inancını müdafiə edən xristian ilahiyyatçılar tərəfindən mühüm bir dəlil kimi qəbul edilən ifadələrdən biri də "ata" sözüdür (xristianların yanlış inanclarını əks etdirmək məqsədiylə bu başlıqda işlədilən hər cür ifadədən Allahı tənzih edirik). Halbuki bu ifadə də yenə "oğul" ifadəsi kimi məcazi məna daşıyır. Üstəlik, İncildə bu sözün yalnız hz. İsa tərəfindən deyil, iman sahibi, Allahdan qorxan, Allaha dua edib, Ondan kömək istəyən bütün insanlar tərəfindən də işlədildiyi görülür. "Ata" ifadəsiylə Allahın bu insanların tək sahibi, tək dostu və vəlisi olduğu ifadə edilir və bu ifadə təslis inancını dəstəkləyən məna vermir.
Bu istifadələrdən bəziləri belədir (Allahı aşağıdakı bütün ifadələrdən tənzih edirik):
...Ata məndən üstündür. (Yuhanna, 14/28)
Siz göylərdə olan Atanızın oğulları olasınız. Çünki O, günəşini pislərin və yaxşıların üzərində doğdurar və saleh olanlarla olmayanların üzərinə yağış yağdırar. (Matta, 5/45)
...Qardaşlarımın yanına get və onlara söylə, mənim Atamın və sizin Atanızın, mənim Tanrımın və sizin Tanrınızın yanına çıxıram". (Yuhanna, 20/17)
O vaxt doğru insanlar Atalarının hökmranlığında günəş kimi parlayacaqlar... (Matta, 13/43)
Amma sən dua edərkən "daxili otağına çəkil, qapını örtüb" qeybdə olan Atana dua et. Qeybdə görən Atan da sənə layiq olanı verəcək. (Matta, 6/6)
Atanız sizə lazım olanı, siz hələ ondan istəmədən əvvəl bilir. (Matta, 6/8)
...Səmavi Atanız bütün bunlara ehtiyac duyduğunuzu bilir. Siz hər şeydən əvvəl Tanrının hökmranlığını və doğruluğunu axtarın, bunların hamısı sizin üçün təmin ediləcək. (Matta, 6/32-33)
"Sizin işığınız insanların qarşısında belə parıldasın, sizin yaxşı işlərinizi görsünlər və göylərdə olan Atanıza həmd etsinlər". (Matta, 5/16)
"Çəkinin, insanlara yaxşılığı onların gözü qarşısında özünüzü göstərmək üçün etməyin, yoxsa göylərdə olan Atanızdan qarşılıq almazsınız" (Matta, 6/1)
İndi siz belə dua edin: Ey göylərdə olan Atamız, Adın müqəddəs olsun". (Matta, 6/9)
"Çünki insanların günahlarını bağışlasanız, səmavi Atanız da sizə bağışlayar". (Matta, 6/14)
"Atanız necə mərhəmətlidirsə, siz də mərhəmətli olun". (Luka, 6/36.)
İncildən götürülən yuxarıdakı ayələr diqqətlə araşdırıldıqda, Allahı yada salmaq məqsədiylə işlədilən "Ata" sözünün hörmət mənası daşıdığı, bunu işlədən insana fövqəlbəşər mövqe vermədiyi və bütün insanlar üçün etibarlı olduğu aydın olur. Bu ifadəylə yalnız hz. İsa ilə Allah arasındakı xüsusi əlaqə ifadə edilməmiş, Allaha təslim olub, Allahın razı olacağı şəkildə yaşayan bütün insanlara xitab edilmişdir. Necə ki, bu gün də xristianlar dualarına bir çox dəfə "Ata" deyə başlayarlar. Hz. İsanın İncildə keçən bənzər duaları da müxtəlif şəkildə şərh olunmamalıdır. Lakin təkrar vurğulamaq lazımdır ki, bu şərhlər, hz. İsaya ilahlıq isnad etmək məqsədiylə "Ata" ifadəsini işlədənlərin səhvini silib aparmır. Bu hərəkətləri Allah Qatında çox böyük xətadır və Quran ayələrində bu insanların vəziyyəti belə bildirilir:

“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir” deyənlər artıq küfrə sapdılar. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. (Maidə surəsi, 72)

Bibliyada qeyd olunan müxtəlif açıqlamalarda Rəbbimizin sonsuz güc və qüdrəti, bütün çatışmazlıq və nöqsanlardan uzaq olduğu tam açıq şəkildə vurğulanır. Con Hik (John Hick) bu mövzunu verdiyi bir müsahibədə belə ifadə edir:
Klassik xristian teologiyası hz. İsanın vəfatından uzun müddət sonra meydana gətirildi. Müasir tarixi, tənqidi Əhdi-Cədid tədqiqatları, bizə, əlimizdə olan Əhdi-Cədid mətnlərində hz. İsaya isnad edilən sözlərin hansılarını həqiqətən hz. İsanın söyləmiş ola biləcəyi mövzusunda aydınlıq gətirməyə çalışır... (İncillərdə işlənən) “Ata” ifadəsinin həqiqi məna verdiyi hesab edilməsi qeyri-mümkündür. Eynilə hz. İsanın “Tanrının oğlu” olması ifadəsinin də həqiqi mənada işlədilmiş olduğunu qəbul edə bilmərik. Əhdi-Ətiqdə "Tanrının oğlu" ifadəsi çox keçir. Məsələn, Adəm Tanrının oğludur, mələklər Tanrının oğullarıdır, İsrail kralları Tanrının oğullarıdır və nəhayət İsrail milləti bütöv şəkildə Tanrının oğullarıdır. Açıq şəkildə bu ifadələrdəki “Ata” və “oğul” anlayışları, həqiqi bir əlaqəni ifadə etmir, təkcə Tanrı-insan əlaqəsinin metaforik bir ifadəsini simvolizə edir. Dərhal bunu əlavə edim ki, bu ifadələri həqiqi mənada işlədilmiş ifadələrmiş kimi anlamağa çalışmaq, yəhudilikdə böyük günah kimi sayılır. Hz. İsa dövründə bu cür metaforik ifadələr onsuz da mövcud idi. Özünü hər hansı bir Tanrıya həsr etmiş hər hansı bir insanın metaforik olaraq "Tanrının oğlu" kimi ifadə edilməsi, o dövrdəki ümumi dini xəyal gücünün bir hissəsi kimi qəbul edilə bilər. Bir sözlə, “oğul” ifadəsi Tanrıya yaxınlığın simvolik ifadəsi olmuş olur. Anladığıma görə, müsəlmanları narahat edən bu ifadənin həqiqi məna verdiyi hesab edilməsidir. Eynilə, bir xristian olaraq mənim də belə bir kəlmədən narahat olacağımı ifadə etməliyəm.
İncildə məcazi mənalarıyla başa düşülməli olan daha bir çox açıqlama var. "Allahın övladları" ifadəsi də bunlardan biridir (aşağıdakı ayələrdə işlədilən bütün ifadələrdən Allahı tənzih edirik):

...Dirilişin övladları olaraq Tanrının övladlarıdırlar. (Luka, 20/36)
Təkcə özünü qəbul edib, adına iman edənlərin hamısına Tanrının övladları olma haqqını verdi. (Yuhanna, 1/12)
Bunu özündən söyləmirdi. O, ilin baş kahini olaraq İsanın, xalqın uğruna və yalnız xalqın uğruna deyil, Tanrının bir-birindən ayrı düşmüş övladlarını bir yerə toplamaq üçün də öləcəyinə dair peyğəmbərlik edirdi. (Yuhanna, 11/51-52)
Ruh bizim ruhumuzla birlikdə, Tanrının övladları olduğumuza şahidlik edər. Əgər Tanrının övladlarıysaq, eyni zamanda varisik. Məsihlə birlikdə ucaldılmaq üçün Məsihlə birlikdə əzab çəkiriksə, Tanrının varisləriyik, Məsihlə ortaq varislərik. (Pavlus'un Romalılara Mektubu, 8/16-17)
Yaradılış, Tanrı övladlarının ortaya çıxmasını böyük həsrətlə gözləyir. (Pavlus'un Romalılara Mektubu, 8/19)
Hər şeyi deyinmədən və mübahisə etmədən edin ki, həyat sözünə möhkəm sarılaraq aralarında kainatdakı ulduzlar kimi parladığınız bu əyri və pozğun nəslin ortasında mükəmməl və saf, Tanrının ləkəsiz övladları olasınız... (Pavlus'un Filipelilere Mektubu, 2/14-16)
Baxın Rəbb bizi o qədər çox sevir ki, bizə “Tanrının övladları” deyilir! Həqiqətən də beləyik. Dünya Rəbbi tanımadığı üçün bizi də tanımır. Əziz qardaşlarım, hələ indidən Tanrının övladlarıyıq, lakin nə olacağımız hələ bizə göstərilmədi... (Yuhanna'nın Birinci Mektubu, 3/1-2)
Doğru olanı etməyən və qardaşını sevməyən Tanrıdan deyil. Məhz Tanrının övladları ilə İblisin övladları belə fərqləndirilir. (Yuhanna'nın Birinci Mektubu, 3/10)
Tanrını sevib buyruqlarını yerinə yetirməklə, Tanrının övladlarını sevdiyimizi anlayarıq. (Yuhanna'nın Birinci Mektubu, 5/2)
Nə ata ifadəsiylə, nə də uşaq ifadəsiylə insanlara ilahlıq isnad edilmədiyi aydındır (Allahı tənzih edirik). Allaha itaətkar, Allaha sadiq, Allahı dost seçmiş və yalnız Allahı razı salmaq üçün yaşayan insanlar İncil ayələrində "Allahın övladları" kimi ifadə edilmişdir. Yəhudi mədəniyyətindən qaynaqlanan bu istifadənin bir nəticəsi olaraq da hörmət və sevginin əlaməti olaraq insanlar Allaha "Ata" deyərək yalvarıblar. Bu məcazi mənalı terminlər, yəhudiliyin təməli olan: "Dinlə ey İsrail, Rəbb bizim Allahımızdır və Rəbb təkdir" (Tesniye, 6/4) hökmünün gətirdiyi tövhid inancı içində başa düşülmüşdür.

 

"Allah bütün insanların sahibidir" mənasında işlətmiş ola bilərlər
Hz. İsanın həvariləri və ilk xristianlar, hz. İsanın təlimindən keçmiş, dərin iman sahibi, çox böyük əxlaqlı və hz. İsanın Allah yolundakı köməkçiləriydilər. Bundan ötrü də, başlarına gələn hər hadisəni, hz. İsanın təbliğini, dərin imanlarıyla açıqlayırdılar. Onlar Allahın sonsuz güc və qüdrət sahibi olduğunu, bütün kainatın tək sahibi olduğunu, Allah istəmədikcə heç nəyin mövcud ola bilməyəcəyini, heç kimin heç nəyə gücünün çatmayacağını çox yaxşı bilirdilər. Bundan ötrü də, sahib olduqları dərin iman nəticəsində, hz. İsa üçün "Allahın oğlu" ifadəsini işlədərkən eyni şəkildə düşünmüş ola bilərlər. Bütün ataları, bütün anaları və bütün oğulları Rəbbimizin yaratdığını və hamısının tək sahibinin Allah olduğunu ifadə etmək istəmiş ola bilərlər. Bu heç vaxt unudulmamalıdır ki, ana və ata bir övladın yaradılması üçün Allahın vəsilə etdiyi səbəblərdir. Həqiqətdə isə kainatdakı bütün varlıqları yaradan aləmlərin Rəbbi olan Allahdır. Bu mənada bütün analar, bütün atalar, bütün oğullar Allaha məxsusdur. Ətrafımızda gördüyümüz bütün canlı və cansız varlıqlar Allaha məxsusdur. Hal-hazırda üzərində oturduğunuz kreslo, içində olduğunuz bina, şəhərlər, ölkələr, millətlər Allaha məxsusdur. Bir çay varsa, o Allahın çayıdır. Allahın dənizi, Allahın məscidi, Allahın kilsəsi, Allahın bulağıdır. Dolayısilə bütün oğullar da Allaha məxsusdur. Rəbbimizin bir insan yaratmaq üçün bir anaya, bir ataya və ya digər bir səbəbə ehtiyacı yoxdur. Onun təkcə bir dəfə "ol" deməsi kifayətdir. Bütün fiziki, bioloji, kimyəvi qanunları yaradan Rəbbimizdir. Dolayısilə bir insanın yaranması üçün, "olmalı olduğu düşünülən" bütün qanunları və səbəbləri də Rəbbimiz yaratmışdır. Hz. Məryəmi də, kainatda gəlib-keçmiş bütün anaları da, bütün anaların uşaq dünyaya gətirmə sistemlərini yaradan da sonsuz güc və qüdrət sabihi olan Allahdır. Hər doğum hadisəsini meydana gətirən Allahdır. Ananı yaradan, atanı yaradan Allahdır. Rəbbimiz hər cür nöqsan, çatışmazlıq və ehtiyacdan uzaqdır. Ayələrdə belə bildirilir:

Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. Sizi yer üzündə yaradıb çoxaldan Odur. Siz Onun hüzuruna toplanılacaqsınız. Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir (Onun qanunudur). Yenə də ağlınızı işlətməyəcəksiniz? (Muminun surəsi, 78-80)

Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq ana bətnindən çıxardan Odur. Hərçənd ki, içərinizdə qocalmamışdan əvvəl öldürülənlər də var. Bu ona görədir ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, ağlınızı işlədəsiniz. Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol” deyir, o da dərhal olur. (Mömin surəsi, 67-68)

Güldürən də, ağladan da Odur! Öldürən də, dirildən də Odur! O, biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı axıdılan bir nütfədən. Təkrar diriltmək də Ona aiddir. (Nəcm surəsi, 43-47)

Şuəra surəsində isə hz. İbrahimin belə dua etdiyi bildirilir:

O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir. O Rəbb ki, məni yedirdir və içirdir. O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir. O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. (Şuəra surəsi, 78-82)

Əgər yuxarıdakı ayələr əsasında düşünülsə xristian anlayışları da məna qazanar. Hz. İsa, hz. Musa, hz. Saleh, hz. Nuh, hz. Hud və hz. Məhəmməd (s.ə.v) Allaha aid qullardır. Çünki bütün peyğəmbərlər Allahındır. Ayələrdə yəhudilərin hz. Üzeyir üçün "Allahın oğludur" dedikləri bildirilir. Yəhudilər də, hz. Üzeyir də Allaha aid qullardır. Rəbbimiz anası və atası olmadan, hz. Adəmi torpaqdan yaratmışdır. Mələkləri yaradan da aləmlərin Rəbbi olan Allahdır. Hz. Yəhyanı möcüzəvi şəkildə yaradan Allahdır. Bunun əksini söyləmək çox böyük aldanış olar. Təkcə hz. İsa deyil, hər ana, hər ata, hər oğul Allahındır. Xristianlar da əvvəllər "Allahın oğlu" ifadəsini bu mənada işlətmiş ola bilərlər. Xristianlara məxsus bir internet saytında da bu barədə bir açıqlama yer alır:
"Hz. İsa Allahın oğludur" deyərkən qətiyyən fiziki mənadakı oğulluqdan bəhs etmirik. Biz yalnız hz. İsanın Allahdan gəldiyini söyləyirik... "Oğul" gündəlik dildə də çox sıx işlədilir. Bir çox dildə bu söz fiziki əlaqəni bildirmək üçün işlədilməz. Məsələn, tələbələr üçün "biliyin övladları" deyimi var. Vətəndaşlar "ölkələrinin övladları"dırlar. Misir "Nilin oğlu" kimi xatırlanılır. Bir ərəb "səhra oğlu" kimi təsvir edilir. Quranın Bəqərə surəsində də "yol oğlu" ifadəsi işlədilir. Təfsirçilər bu ifadənin səyyah mənasında işlədildiyini söyləyirlər. Görüldüyü kimi "Allahın oğlu" ifadəsi insanın başa düşdüyü mənada bir qohumluğu ifadə etmir.
Bəzi xristianlar "Allahın oğlu" ifadəsinin (Allahı tənzih edirik) bir təcəlli olaraq qəbul edilməli olduğunu da söyləyirlər. Bu aydın bir açıqlamadır və Rəbbimizin Quran ayələriylə bildirdiyi həqiqətlərə də uyğun gəlir.
Allah bütün kainatı yoxdan yaradandır və bütün kainat üzərində mütləq hakimiyyət sahibidir. Göylərin və yerin sahibidir. Allah hər yerdədir. Bütün analar və atalar Allahın təcəlliləridirlər. Bütün oğullar və uşaqlar Allahın təcəlliləridirlər. Allah bir çox yerdə və bir çox şəkildə təcəlli edə bilər. Necə ki, Quran ayələrində də bunun müxtəlif nümunələri var. Əraf surəsində belə bildirilir:

Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa təcəlli etdikdə (göründükdə) onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (Əraf surəsi, 143)

Ayədə keçən təcəlli etdi ifadəsi; "zahir olmaq, özünü büruzə vermək, ortaya çıxmaq, ifadə edilmək..." kimi mənalarda işlədilir. Elmalılı Həmdi Yazır, Quran təfsirində bu ayəni belə açıqlayır:
Rəbbi ona: “Məni qətiyyən görə bilməyəcəksən, amma və lakin dağa bax, əgər o yerində dayansa sən də Məni görəcəksən” dedi. Bundan sonra Rəbbi dağa təcəlli etdikdə (belə ki, bu nisbi təcəllidir, yəni bütün əzəməti və mütləq qüdrəti ilə deyil, əzəmət və qüdrətiylə baxması, əmr və iradəsindən bir hissənin dağa dəyməsi) onu darmadağın etdi. Həmzə, Kisai, Xələf-i Aşir qiraətlərində oxunduğuna görə, "dümdüz elədi", yəni, dağ yox olub, yeri dümdüz oldu, hörgücsüz bir dəvə kimi oldu... Bu təcəlli nəticəsində, iki hadisə baş verdi: Biri dağın parçalanması, digəri də hz. Musanın özündən gedib yerə yıxılması. Deməli, hz. Musa, dağdan ötrü yaranan nisbi təcəlliyə belə tab gətirə bilməyib özündən getdi, tam və mütləq təcəlli olsaydı, bütün dünya və ehtimal ki, bütün kainat bir anda yox olacaqdı. "Sən Məni qətiyyən görə bilməyəcəksən" deyilməsinin əsas hikməti də bu idi...

Digər bir ayədə isə belə buyurulur:

Biz Musanı Turun sağ tərəfindən çağırdıq və onunla gizlicə danışmaq üçün onu özümüzə yaxın etdik. (Məryəm surəsi, 52)

Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa! (Taha surəsi, 11)

Musa oraya gəlib çatdıqda, mübarək yerdəki vadinin sağındakı bir ağac tərəfdən ona nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm! (Qəsas surəsi, 30)

Ayələrdə də bildirildiyi kimi Allah istədiyi yerdə, istədiyi şəkildə təcəlli edə bilər və bütün varlıqlar da Allahın təcəlliləridirlər. İnsanlar Rəbbimizin hz. Musaya da bildirdiyi kimi, Allahı görə bilməzlər. Amma təcəlliləri ilə təmasda olarlar. Məsələn, ayələrdə Rəbbimizin ağacda təcəlli etdiyi bildirilir. Bu heç gözlənilməz vəziyyətdir. Eynilə hz. Musanın əsasında təcəlli edən də Allahdır. Allah Şəxsi olaraq təcəlli etməz, lakin istədiyi varlıqda istədiyi şəkildə təcəlli edə bilər. Allahın varlığı hər yeri əhatə etmişdir. Bu həqiqəti Rəbbimiz bir ayədə belə bildirir:

Allah, Ondan başqa İlah yoxdur, əbədi Yaşayandır, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

İncil açıqlamalarında da görüldüyü kimi, hz. İsa danışdığı bütün insanları təkcə Allaha iman etməyə dəvət edirdi. Müşriklərin bütün suallarını çox gözəl nümunələr və açıqlamalarla cavablandırırdı. Bu baxımdan baxıldıqda, "Allahın oğlu" ifadəsinin, o dövrün xalqı arasında geniş yayılmış bütpərəst üslub qarşısında işlədilmiş xüsusi bir açıqlama olması da mümkündür. İnsanlara hər şeyin sahibinin, bütün insanların yeganə dostu və vəlisinin Allah olduğunu başa salmaq istəyən iman sahibi biri: "Mən atamın deyil, Allahın oğluyam" kimi bir ifadə işlətmiş ola bilər. Bu ifadə, qarşıdakı insanın inkarçı üslubunu, bütlərinə dəyər verib mədət ümid edən yanaşma tərzini ortadan qaldırmaq üçün işlədilmiş ola bilər. Doğrusunu Allah bilər.